Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müavinət növlərindən biri də 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinətdir.

Müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir.

Müavinətin məbləği aşağıdakı kimidir:

  • I dərəcə əlilliyi olan şəxslər üçün – 220 manat
  • II dərəcə əlilliyi olan şəxslər üçün – 180 manat
  • III dərəcə əlilliyi olan şəxslər üçün – 120 manat

Müavinət aylıq olaraq ödənilir.

Müavinət əlillik müddətinə təyin edilir. Yəni, şəxsin əlilliyi aradan qalxarsa, müavinət verilməsi dayandırılır.

Müavinət üçün müraciət etmə qaydası və tələb edilən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə müəyyən edilmişdir.

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Mərkəzi Elektron İnformasiya Sistemindən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir. Tələb edilən sənədlər aşağıdakı kimidir:

  • Şəxsiyyəti təsdiq edən sənəd
  • Əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış
  • Hərbi həkim komissiyasının qərarının surəti

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir. 

Mövzu ilə əlaqədar sualınız olarsa, “Instagram” və ya “Facebook” səhifəmizdən bizə yaza

bilərsiniz.

Müəllif: Zakir Bayramov