Əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması deməkdir. Bəs əlillik hansı qaydada müəyyən olunur? Əlillik dərəcələri müəyyən edilərkən nələr nəzərə alınmalıdır? Qanunvericiliyə uyğun olaraq bu məsələlərin tənzimlənməsi necədir, bu barədə bəhs edək.

2022-ci ilin iyul ayının 1-dən etibarən əlilliyin müəyyən olunması meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən müəyyən olunur. Qeyd etmək lazımdır ki, yeni əsasnamə əvvəlcədən müddətsiz əlillik dərəcələri müəyyən edilmiş şəxslərə şamil olunmayacaq.

Orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi və xəstəliyin ağırlıq dərəcəsi

Əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunması nəzərdə tutulmuşdur. Yəni,

  • I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi;
  • II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi;
  • III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi.

Əlilliyin qiymətləndirilməsi

Əlilliyin qiymətləndirilməsi şəxsin

  • özünəqulluq,
  • sərbəst hərəkət etmə,
  • istiqamət seçmə,
  • ünsiyyət,
  • davranışına nəzarət etmə,
  • öyrənmə
  • əmək fəaliyyəti

üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

18 yaşınadək əlilliyi müəyyən edilmiş məktəbəqədər yaşda olan uşaqların təlim və tərbiyəsinin Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla həyata keçirilməsi də nəzərdə tutulur.

Xəstəlik, zədə və çatışmazlıqlar səbəbi ilə yaranan və bu meyarların əlavəsinə uyğun olaraq insan orqanizminin funksiyalarının aşağıdakı itirilmə faizləri təyin edilir:

  • İnsan orqanizminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbi ilə yaranan bir neçə sabit pozuntusu olduğu halda, hər bir pozuntu ayrı-ayrılıqda kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilir və təzahür dərəcəsi müəyyənləşdirilir.
  • İlk növbədə faiz ifadəsi ilə orqanizmin bu və ya digər funksiya pozuntusunun ən yüksək olanı, sonra isə mövcud digər bütün funksiya pozuntularının qeyd edilmiş pozuntuya təsiri müəyyənləşdirilir.
  • Peşə xəstəliyi və istehsalat zədəsi təsirin olduğu təqdirdə, insan orqanizminin funksiyalarının itirilməsinin yekun göstəricisi, ən yüksək pozuntunun göstəricisindən 10%-dən artıq olmamaqla təyin edilir.
  • İnsan orqanizminin funksiyalarının 10-30% itirilməsi hallarında əlillik təyinatı aparılmır. Yalnız, əlillik səbəbi peşə xəstəliyi və istehsalat zədəsi olduğu hallarda peşə əmək qabiliyyətinin itirilməsi faizi qiymətləndirilir.
  • Bir neçə əlillik səbəbi və insan orqanizminin funksiyalarının itirilməsi faizi müəyyənləşdirildiyi təqdirdə ən yüksək sosial təminat hüquqları yaradan əlillik səbəbi və insan orqanizminin funksiyalarının itirilməsi faizi təyin edilir.

Müəllif: Zakir Bayramov