Əmək haqqı nədir, necə hesablanır?

Əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək haqqı:

1. müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək və işçinin gördüyü işə (göstərdiyi xidmətə) görə verilir.

2. pul və ya natura formasında ola bilər.

3. gündəlik və ya aylıq məbləğ kimi ödənilə bilər.

4. məbləğdən əlavə, həmçinin ona edilən əlavə, mükafat və digər ödənclərdən də ibarət ola bilər.

İşçinin əmək haqqını təşkil edən xərclərin tərkibi birbaşa əmək haqqından, məzuniyyət pulundan və birdəfəlik mükafatlardan ibarətdir.

əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Hazırda Əmək Məcəlləsi minimum əmək haqqını 250 manat məbləğində təsbit edib. Demək ki, hər hansısa işəgötürənin minimum məbləğdən az əmək haqqı təklif etməsi qanunaziddir.

Minimum əmək haqqı yalnız ixtisassız işçilərə təyin edilə bilər. Dövlət Statistika Komitəsi ixtisassız əməyin nə olduğuna anlayış verib (hyperlink https://www.stat.gov.az/menu/5/source/Meshqulluq_tes.pdf). İxtisassız işçilər siyahısına satıcı, gözətçi, və ya kuryer və sairə daxildir.

Əmək haqqının ödənilməsinin üç növü vardır:
1. İşəmuzd

2. Vaxtamuzd

3. Və əməyin ödənilməsinin digər sistemləri

Gəlin indi bu sistemlərin mahiyyətini misallara açaq

Əmək müqaviləsinə əsasən işçinin yazdığı hər məqaləyə görə 60 manat ödəniş nəzərdə tutulub. Müvafiq ayın sonunda işçi 8 məqalə dərc etmiş oldu. Nəticə etibarilə, əmək haqqı 480 manat məbləğində (8 x 60) hesablandı. Bu sistem işəmuzd hesab olunur.

Əmək müqaviləsinə görə işçinin hər saatlıq işinə görə 15 manat təşkil edir. Müvafiq ayın sonunda iş vaxtı uçotuna görə işçi ay ərzində 80 saat işləmiş oldu. Deməli, işçinin əmək haqqı 1200 manat məbləğində (15 x 80) hesablandı. Bu sistem vaxtamuzd hesab olunur.

Yəni qısacası   təcrübədə əsasən daha çox rast gəlinən vaxtamuzd ödəmədir ki, bu da  aylıq maaş (oklad) alan işçilərin əməkhaqqı başa düşülür. Həmçinin, saat hesabı ilə əməkhaqqı alan işçilər də vaxtamuzd sisteminə daxildir. Məsələn, müəllimlər var ki, saat hesabı ilə əməkhaqqı alırlar. Burada artıq bir saata neçə manat əməkhaqqı düşürsə, yekunda ay ərzində işlədiyi saatlara görə əməkhaqqı alır. Sadəcə, vaxtamuzd dedikdə, işçinin işlədiyi vaxta görə əməkhaqqı alması başa düşülür.

Növbəti xüsusi ilə az işlənən forma işəgötürənlə işçi arasında bağlanan müqaviləyə görə, keramika nümunələrinin hazırlanması üçün icra planı müəyyənləşdirilib.  Müqaviləyə əsasən işçi 2 ay ərzində işi yekunlaşdıracaq və hər 700 manat olmaqla, cəmi 1400 manat ödəniş olunacaq. Müqavilədə işin konkret görülmə vaxtı müəyyən edilmir, yalnız işin başlama və bitmə vaxtı öz əksini tapır. Bu ödəniş sisteminə sərbəst və ya akkord forma hesab edilir.

Əmək haqqının tərkibi üç hissədən ibarətdir:

1. Tarif (vəzifə) maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi, və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

2. Əmək haqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqında müəyyən edilən ödənişdir. Bu cür əlavələr əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində artımlar (əmsallar), habelə bəzi vəzifələr üçün staj müddəti, elmi dərəcə və rütbəyə görə artımlar və sairə ola bilər. Lakin əlavə iş saatı və ya istirahət günlərində işləməyə görə müəyyən edilən əlavələr əmək haqqına əlavə hesab edilmir.

3. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada həvəsləndirici pul vəsaitidir. Məsələn, işçiyə ad günü, peşə bayramı və ya hansısa əlamətdar günə ilə bağlı verilən mükafatlar əmək haqqının tərkibinə aid edilən mükafatlar hesab olunmur. Amma əmək və ya kollektiv müqavilədə qeyd olunan və əmək haqqı sistemində nəzərdə tutulan mükafatlar əmək haqqının tərkibinə aid edilir.

Əməyin ödənilməsi sistemləri, növləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar kollektiv müqavilərlə, əmək müqavilələrilə, kollektiv müqavilə bağlanamdığı müəssisələrdə işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşma ilə müəyyən edilir.

Gəlin baxaq görək əmək haqqı hansı qaydadad hesablanır.

1.Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir.

2. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər.

3. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır.

Bəs minimum əmək haqqının nə olduğunu və necə hesablandığını bilirikmi?

Minumum əmək haqqı – iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

 Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

 Bəs əvəzçilik üzrə işləyən şəxslərə əmək haqqı necə ödənnilir?

Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

            1.Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.

2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. 

İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi qaydasına nəzər salaq.

əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi qaydasına nəzər yetirək.

1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.

Bəs əmək haqqı hansı müddətdə verilməlidir?  Əmək Məcəlləsinə əsasən

1. aylıq əmək haqqı, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.

2. illik dövr olduqda isə bir dəfədən az olmayan müddətdə verilməlidir.

Göründüyü kimi, mütləq tarix tələbi, işçinin əmək müqaviləsinə xitam verilməsi hallından başqa, mövcud deyil.

Əmək haqqının verilməsi gecikdirildikdə və əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, işəgötürən hər gecikdirilmiş günə görə əmək haqqının azı bir faiz məbləğində ödəniş verməlidir.

Məsələn: işəgötürənin təqsirindən işçi 7 gün ərzində 500 manat əmək haqqını ala bilmir. Bu halda işəgötürən 35 manat (7 gün x 500 manat x 1%) ödəniş verməlidir.

Bu ödəniş hesablanması hər cür hallara şamil olunmur. Belə ki, əgər fərdi əmək mübahisəsi əmələ gələrsə (yəni işçi iddia ərizəsilə məhkəməyə müraciət edərsə) və ya işəgötürənin təqsiri olmayan səbəblərə görə (məsələn, işəgötürən müəssisəyə xidmət edən bankın müflis olması) gecikdirilən müddətə görə 1 faiz hesablanmayacaq.

İşəgötürənin vəzifələrindən biri işçilərin haqq-hesab sənədlərini hazırlamaqdır. Haqq-hesab sənədləri dedikdə əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə mühasibat hesablamaları əks etdirən sənədlər (kitabçalar, çeklər, vərəqələr) nəzərdə tutulur. Bu sənədlər hər əmək haqqı verilərkən işçiyə təqdim edilir.

Əmək haqqından tutmalar.

Əmək Məcəlləsi əmək haqqından tutulmaların icazə verdiyi hallar və maksimal məbləğləri tənzimləyir:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

Bu ödəmələr sırasına gəlir vergisi, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və məcburi dövlət sosial ayırlmalar daxilidir.

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

Bunlara alimentlər, məhkəmə qərarına əsasən işçinin hər hansı kredit təşkilatına və ya şəxsə borcu və sairə nəzərdə tutulur.

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

İşçi təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği qədər məsuliyyət daşıyır.

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

İşçi iş ilinə görə məzuniyyətdən tam və ya qismən istifadə etdiyi halda, iş ili başa çatanadək əmək müqaviləsinə xitam verilərsə o zaman işəgötürən işlənilməyən dövrə hesablanan məzuniyyət haqqını işçinin son haqq-hesabından tutmaq səlahiyyətinə malikdir.

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

İşçi ona ödənilən avans məbləğinin ezamiyyə normalarına uyğun xərclərin artıq qalan məbləğini işəgötürənə geri qaytarmalı və ya onun əmək haqqından tutulmalıdır.

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

İşəgötürən düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğ tutula bilməz.

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

Əmək haqqı nə vaxt verilməlidir.

1.. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

2.Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. 

3. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

4. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Bilək ki,

… İşçi istənilən vaxt özünün əmək haqqısı barədə işəgötürəndən arayışlar ala bilər.

… İşçi məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır.

…. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə orta əmək haqqı ödənilir.

…. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır.

Bəs məzuniyyət vaxtı əmək haqqı necə hesablanır?

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

 İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

QEYD :   İşəgötürən tərəfindən işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi ödənişli əsaslarla həyata keçirilməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
– əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
– əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində