Bildiyimiz kimi əmək müqaviləsi üzrə işçinin bir sıra əsas hüquqları vardır. O hüquqlardan biri də ildə bir dəfə 21 təqvim günündən az olmayaraq ödənişli əmək məzuniyyətdən istifadə etmək hüququdur. Qanunvericiliyimizdə məzuniyyətin bir neçə növü öz əksini tapmışdır, onlardan biri də əmək məzuniyyətidir.

Əmək məzuniyyəti nədir?

Əmək məzuniyyəti – illik minimum 21 gün olmaqla, işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz istədiyi kimi istifadə etdiyi istirahət vaxtıdır.

Məzuniyyət müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Yəni işçi işə qəbul olunan tarixdən 12 aydan sonra artıq bir iş ili bitmiş sayılır. Məsələn, işçi 7 dekabr 2022-ci ildə işə daxil olubsa, bu zaman bir iş ili 7 dekabr 2022-7 dekabr 2023-cü il nəzərdə tutulur və bu iş ilində işçinin minimum 21 təqvim günü müddətinə əmək məzuniyyəti vardır. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

Əsas məzuniyyət nədir?

Əmək məzuniyyətinin bir növü də əsas məzuniyyətdir, işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə 21 təqvim günündən az olmayaraq verilir.

Əsas məzuniyyət hansı işçilərə verilir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə istinadən əsas məzuniyyət müddəti 30 təqvim günü müddətində verilən işçilərə aşağıdakı şəxslər daxildir:

  •  Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər;
  • (İşəgötürən tərəfindən müəyyən edilən) məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, müəssisənin rəhbər işçiləri və mütəxəssislər;
  • Təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilər və inzibati-tədris heyəti işçiləri, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri (xüsusi təhsil müəssisələri istisnadır);
  • Təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçıları, kitabxanaçıları, laborantları, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri, bədii rəhbərləri;
  • Elmi dərəcəsi olmayan elmi işçilər;
  • Həkimlər, orta tibb işçiləri və əczaçılar.

Mövsümi işlərdə çalışan işçilərin əsas məzuniyyəti

Qeyd etmək lazımdır ki, mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə 2 təqvim günündən az olmayan müddətə verilir. Bundan əlavə, məzuniyyət dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Aşağıdakı şəxslərə əmək məzuniyyəti 56 təqvim günü müddətinə verilir:

  • pedaqoji və elmi fəaliyyətlə məşğul olan bu işçilərə;
  • illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına;
  • dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə:
  • məşqçi müəllimlərdən başqa bütün ixtisas və adlardan olan müəllimlərə,
  • uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;
  • ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa təhsil müəssisələrinin tərbiyəçilərinə, eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;
  • sosial müdafiə orqanlarının və tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;
  • elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;
  • müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə

Əmək məzuniyyəti 42 gün olan işçilər

Pedaqoji və elmi fəaliyyətlə məşğul olan bu işçilərə:

  • uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;
  • metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;
  • məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə, (5) məşqçi müəllimlərə;
  • ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə;
  • elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə əmək məzuniyyəti 42 təqvim günü müddətinə verilir.

Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri

  • Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti — 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.
  • Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə verilən məzuniyyət

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə, yəni Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinə verilən məzuniyyət

Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.

Əlavə məzuniyyət nədir?

Əmək stajından asılı olaraq işçilərə aşağıdakı qaydada əlavə məzuniyyət verilir:

  • 5 ildən 10 ilədək əmək stajı olduqda — 2 təqvim günü;
  • 10 ildən 15 ilədək əmək stajı olduqda — 4 təqvim günü;
  • 15 ildən çox əmək stajı olduqda — 6 təqvim günü

Qeyd edim ki, əlavə məzuniyyətin yaranması üçün lazım olan staj bir müəssisə ilə məhdudlaşdırılmır. Məsələn, 7 il ərzində bir neçə iş yeri dəyişsəniz belə sizə 2 günlük əlavə məzuniyyət verilməlidir.

Bundan savayı, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin eyni qaydada əlavə məzuniyyət hüququ vardır.  Uşaqlı qadınların əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Əmək şəraiti ağır və zərərli olan işçilərə verilən əlavə məzuniyyət

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Şəraitə və funksiyanın xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Şəraitə və funksiyanın xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Kimlərə əlavə məzuniyyət verilmir?

Əmək stajına görə (o cümlədən şəraitinə görə) əlavə məzuniyyətlər pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə, fizioloji keyfiyyətləri ilə bağlı işçilərə, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə və teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinə verilmir.

İstifadə olunmamış məzuniyyətə görə kompensasiya dedikdə nə başa düşülür?

Qanunvericiliyimizə uyğun olaraq işəgötürən tərəfindən işçiyə məzuniyyətin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məzuniyyət də işçinin iş ilinə görə verilsə də, kompensasiya istifadə olunmamış məzuniyyətə görə ödənilir. Odur ki, iş ili tamam olmamış işçiyə istifadə olunmamış məzuniyyətə görə kompensasiya verilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində əksini tapmış iş ili anlayışından bəhs etmişdik. Əmək məzuniyyəti də işçinin iş ilinə görə verilsə də, kompensasiya istifadə olunmamış əmək məzuniyyətinə görə ödənilir. Odur ki, iş ili tamam olmamış işçiyə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya verilə bilməz.

Yenə Əmək Məcəlləsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəldiyini qeyd edək. Bəzən buna əsaslanaraq belə qənaətə gəlinir ki, 6 aydan tez işdən çıxan işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmır. Xeyr, işçiyə son haq-hesabı hesablanarkən ona işlədiyi dövrə uyğun istifadə edilməmiş kompensasiya ödənilməlidir. Yəni işçinin əmək məzuniyyəti 30 gündürsə, amma ilk iş ilinin 6-cı ayında işdən çıxıbsa, bu zaman ona 15 günə (30 gün x 6 ay/12 ay) düşən məzuniyyətə görə kompensasiya ödənilməlidir.

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxdığı günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəlləsinin nəzərə tutulmuş əlavə məzuniyyətlərə (uşaqlı qadınların əlavə məzuniyyətləri istisnadır), təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

İstifadə edilməmiş əmək məzuniyyətə görə kompensasiyanın hesablanma qaydası necədir?

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması məzuniyyətin hesablanması ilə eyni qaydadır. Məsələn, hər ay üçün 300 manat əmək haqqı alan işçinin əsas məzuniyyəti 21 təqvim gündür, əmək stajı 14 il olduğuna görə 4 təqvim günü əlavə məzuniyyəti var. İşçi iş ilinin 8-ci ayında işdən çıxdığına görə, son haqq-hesab üzrə kompensasiya hesablayaq:

Qeyd edilən kimi, kompensasiya hesablayarkən artıq əmək stajına görə 4 təqvim günü nəzərə alınmır. Deməli, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya görə hesablanacaq məzuniyyət günü – 14 gün (8 ay x 21 gün/12 ay) təşkil edəcək. Həmin 14 günə uyğun hesablanacaq məbləğ isə əmək məzuniyyətində olduğu kimi həyata keçildiyindən 138,16 manat ((300 manat x 8 ay/30.4 x 8 ay)x 14 gün) təşkil edəcək.

İstifadə olunmamış əmək məzuniyyətinə görə gəlir vergisinin hesablanması necə tənzim edilir?

İstifadə olunmamış məzuniyyətə görə gəlir vergisinin hesablanma məsələsi ilə bağlı Vergi Məcəlləsinin tələbi odur ki, başa çatmış iş ilinin istifadə olunmamış məzuniyyət günlərinin yerinə ödənilən kompensasiyadan gəlir vergisi ayrı, işdən çıxan ayının əmək haqqından isə ayrı hesablanmalıdır.

Əgər işçinin istifadə edilməmiş məzuniyyəti bir neçə iş ilini əhatə edirsə, bu zaman gəlir vergisi hər il üçün hesablanan məbləğdən ayrılıqda, işçi ilə son haqq-hesab aparılarkən tam olmayan sonuncu iş ilinin məzuniyyət haqqından isə, onun verildiyi ayın əmək haqqı ilə birlikdə gəlirin ümumi məbləğindən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir.

Məsələn, 300 manat əmək haqqı alan işçi 3-cü iş ilinin 7-ci ayı olan sentyabr ayında işdən azad olunur. Bu zaman hesablanma aşağıdakı kimi olur:

  • Sentyabr ayının əmək haqqı + 3-cü (sonuncu) iş ilinə görə istifadə edilməmiş məzuniyyətin kompensasiyası;
  • 2-ci iş ilinə görə istifadə edilməmiş məzuniyyətin kompensasiyası;
  • 1-ci iş ilinə görə istifadə edilməmiş məzuniyyətin kompensasiyası.

Hər 3 hal üzrə gəlir vergisi ayrıca hesablanmalıdır.

Müəllif: Həsənova Nəzrin