Günümüzdə bəzi iş yerlərində işçilər işə cəlb olunarkən onlarla əmək müqaviləsi yerinə xidməti müqavilə bağlanılır.

“Bəs bu iki müqavilə arasında hansı fərqlər mövcuddur?”

Bu münasibətlər necə tənzimlənir?

Öncə onu qeyd edək ki, əmək münasibətləri Əmək Məcəlləsi, xidməti müqavilədən irəli gələn münasibətlər isə mülki hüquqla tənzimlənir. İşçi ilə işəgötürən arasında əmək münasibətlərini tənzimləmək üçün ilk öncə əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsi vasitəsilə əməyin təşkili forması, əmək haqqı, iş vaxtı, işə qəbul və azadetmə və s. kimi məsələlər həll edilir.

Əmək prosesi və əməyin nəticəsi

Növbəti fərq olaraq, əmək müqaviləsinin predmeti kimi işçinin canlı əməyi və əmək prosesi çıxış edir. Bu müqavilə əməyin nəticəsinin verilməsini nəzərdə tutmur. Xidmət müqaviləsinin predmetini isə əməyin son nəticəsi təşkil edir. Məsələn, xidmət müqaviləsi əsasında sifarişçi ilə icraçı arasında onlayn saytın hazırlanıb təhvil verilməsi ilə bağlı xidmət müqaviləsi bağlanılır. Sayt hazırlanıb təhvil-təslim aktı ilə təhvil verildiyi andan iş icra olunmuş hesab olunur. Müqavilədə ayrı qayda nəzərdə tutulmazsa, tərəflər arasındakı münasibətlərə xitam verilir.

Müqavilə tərəfləri arasında asılılıq varmı?

Daha bir fərq kimi əmək müqaviləsi üzrə işçinin işəgötürənə tabeçilik prinsipinin olması qeyd oluna bilər. İşçi burada işlədiyi müəssisənin daxili nizam qaydalarına müvafiq işləməlidir. Həmçinin o müqavilə ilə müəyyən olunmuş iş saatlarında işə gəlməli, müəssisənin iş rejiminə əməl etməlidir. Xidmət müqaviləsində isə tərəflərin bir-birilərinə asılılığı yoxdur, çünki mülki hüquq münasibətlərində tərəflər bərabərdirlər. Nəticə olaraq, icraçı əmək kollektivinin üzvü hesab edilmir, daxili əmək nizam qaydalarına tabe olmur. O, müəssisənin iş rejiminə əməl etmək, əmək normasını yerinə yetirmək podratçının borcu deyildir. Yəni podratçı istədiyi saat rejimində, öz əmək alətləri ilə işi yerinə yetirir. O müstəqilliyə malikdir.

Kim “işləyən şəxs” ola bilir?

Başqa bir fərq olaraq qeyd edə bilərik ki, əmək müqaviləsi əsasında işləyən şəxs, yəni işçi rolunda yalnız fiziki şəxslər (Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkə vətəndaşları, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) çıxış edə bilərlər. Xidmət müqaviləsində isə işləyən şəxs kimi həm fiziki şəxslər, həm də hüquqi şəxslər (müəssisələr, firmalar, təşkilatlar və s.) iştirak edə bilərlər.

Əmlak kimə məxsusdur?

Daha bir  fərq ondan ibarətdir ki, əmək müqaviləsi üzrə işçinin əməyinin bazasını təşkil edən əmlak işəgötürünə məxsus olur. Yəni işçi əgər işəgötürənin müəssisəsində çalışırsa, ona məxsus kompüter və yaxud printer vasitələrindən istifadə edirsə, işçi bu vasitələrə dəyən zərərə görə məsuliyyət daşıyır. Podrat müqaviləsi üzrə işləyən isə öz əmək alətləri ilə işini gördüyü üçün onun bu cür məsuliyyəti olmur. Görülmüş işin nəticəsinin təsadüfən məhv olması və ya zədələnməsi riski həmin nəticənin sifarişçiyə verildiyi vaxtadək icraçının üzərinə düşür (MM-in 772-ci maddəsinin 1-ci bəndi).

Onu da qeyd edək ki, xidmət müqaviləsi üzrə tərəflər sifarişçi və icraçı adlanır. Əmək müqaviləsi üzrə tərəflər isə işəgötürən və işçi adlanır.

Haqq, işin nəticəsinə görə ödənilir. Əmək müqaviləsi üzrə işləyən işçinin aldığı aylıq əmək haqqı, bir qayda olaraq, işin nəticəsindən asılı olmur. Əmək haqqının miqdarı sərf olunan canlı əməklə ölçülür .

Müəllif: Təbriz Əhmədli