Əmək Məcəlləsinin 79-cu maddəsində əmək Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilmişdir.
İşəgötürənin aşağıda göstərilən işçilərin əmək müqaviləsinin ləğv etməsi qadağan edilmişdir:
- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
- yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
- öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin
Aşağıdakı səbəblərdən işəgötürənin əmək müqaviləsinin ləğv etməsi qadağan edilmişdir:
- işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
- həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə
Qeyd: Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir.
Yuxarıda sadalananlarda nəzərdə tutulmuş müddəalar müəssisə ləğv edildikdə və Əmək Məcəlləsinin 73-cü maddəsi (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə xitam verilən hallara şamil edilmir.
Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyir.
Belə ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilə bilər. Müddətli əmək müqaviləsinin müddəti bitdikdə işəgötürən yuxarıda sadalanan halları nəzərə almalı deyil.
Tutaq ki, işçi 18 avqustda əmək qabiliyyətini müvəqqəti itirib. Ayağı əzilib və icazə alıb işə çıxmır. Onun əmək müqaviləsinin müddəti 1 sentyabrda bitəcək. İşəgötürən əmək müqaviləsinin müddəti bitdiyinə görə müqaviləni uzatmayacağını rəsmi qaydada bildirə bilər.
Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi (istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin) ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Müəllif: Zakir Bayramov