Fiziki şəxslərin əmanətlərindən vergi tutulması qaydasından bəhs etməzdən əvvəl əmanətin anlayışına nəzər yetirək. Mülki Məcəllənin (bundan sonra MM) 944-cü maddəsinə əsasən, əmanət dedikdə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəfin (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarması və onun üçün faizlər ödəməyi öhdəsinə götürməsi nəzərdə tutulur.  Eyni zamanda, MM-in bank əmanəti üzrə banklara aid qaydaları hüquqi şəxslərdən əmanətlər (depozitlər) qəbul edən digər kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur. 

Bəs fiziki şəxslərin əmanətlərindən vergi hansı qaydada tutulur?

Vergi Məcəlləsinin (bundan sonra VM) 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri  gəlir vergisindən azad hesab olunurdu. Lakin 2023-cü il fevralın 1-dən etibarən azadolma müddəti başa çatdığından və həmin müddətin uzadılması ilə bağlı qanunvericiliyə hər hansı dəyişiklik olunmadığından VM-in 123.1-ci maddəsinə görə, artıq fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faizlərdən də ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaqdır. 

Ödəmə mənbəyində vergitutma dedikdə vergilərin bilavasitə gəlir əldə edən şəxs (bu halda vergi ödəyicisi olmayan fiziki şəxs) tərəfindən deyil, bu gəliri ödəyən, VM ilə müəyyən olunan hallarda və qaydada üzərlərinə vergi agenti (bu halda Bank) vəzifələri qoyulan və artıq vergi orqanlarında qeydiyyatda olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən tutulması, bəyan edilməsi və büdcəyə ödənilməsi nəzərdə tutulur.

Vergitutma proseduru necədir?

Məsələn: “A” adlı fiziki şəxs ilə “B” bankı arasında bağlanılmış əmanət müqaviləsinə əsasən A illik 10 faiz dərəcə ilə 50.000,00 AZN məbləğində banka əmanət yerləşdirmişdir. Bank tərəfindən 500 AZN (5000*10%) ödəmə mənbəyində vergi tutularaq, il sonunda fiziki şəxsə 4500 AZN (5000-500) məbləğində faiz gəliri ödəniləcəkdir. 

Yəni banka 50 000 manat depozit qoyan şəxs il sonunda 10% gəlir əldə edəcək. Bu isə 5000 manat edir. Vergiyə cəlb ediləcək hissə isə, ümumi depozit( 50 000) deyil, depozitdən əldə olunan gəlirin (50 000*10%), yəni 5000 manatın 10%-i olacaq. Bu isə (5000*10%) 500 manat edir. Deməli fiziki şəxsə il sonunda 5000-500=4500 manat faiz gəliri geri ödəniləcək.

Həmçinin Dövlət Vergi Xidmətinin verdiyi rəsmi məlumata əsasən, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək. Bu baxımdan yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ödəmə mənbəyində gəlir vergisinə cəlb edilməsi yalnız 1 fevral 2023-cü il tarixindən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcəkdir.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Ləman Səmədzadə