Ailə Məcəlləsinin (AM) 30-cu maddəsinə əsasən ər-arvad nikaha daxil olarkən öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.

Əgər nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malikdirlərsə, onların soyadlarının birləşdirilməsinə icazə verilmir.

Ər-arvaddan birinin soyad dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur.

Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

AM-in 183-cü maddəsinə əsasən ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır.

Həmçinin nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlamaq hüququ vardır.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

 Müəllif: Səxavət Yusifov