Aliment dedikdə bir çox hallarda valideynlərin uşaqlara qarşı öhdəlikləri nəzərdə tutulsa da, qanunvericilikdə alimentlə bağlı öhdəlik uşaqlarla məhdudlaşdırılmayıb. Ailə Məcəlləsinə (AM) əsasən ailə üzvlərinin aliment öhdəliklərinin üç növü vardır:
- Valideynlərin və uşaqların aliment öhdəlikləri;
- Ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri;
- Ailənin başqa üzvlərinin aliment öhdəlikləri.
Bu yazıda ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəliklərindən bəhs olunacaq.
Qanun ər və arvad bir-birinə maddi cəhətdən kömək etmək vəzifəsini müyyən edir. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda zəruri vəsaitə malik olan digər tərəfdən alimenti ödəməsini məhkəmə qaydasında tələb etmək mümkündür.
Bəs bu aliment hansı hallarda və kim tərəfindən tələb oluna bilər?
- Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
- Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;
- 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.
Yuxarıda bildirdiyimiz kimi keçmiş ərin (arvadın) da aliment almaq hüququ vardır. AM-ə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:
- Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
- 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
- Nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
- Ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.
Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
Lakin aşağıdakı hallarda Məhkəmə əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra aliment öhdəliyindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:
- Maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə;
- Aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda;
- Nikah çox çəkmədikdə.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Səxavət Yusifov