Hesab edək ki, ödəniş terminallarından birində özünüzə “kontur” yükləmək istəyirsiniz, lakin tələsdiyiniz üçün nömrənizin sonuncu rəqəmini səhv yazırsınız. Nəticədə həmin məbləğ sizin deyil, başqasının mobil nömrəsinə yüklənir. Yaxud öz bank hesabınıza 50 AZN yükləmək istəyirsiniz, lakin yenə səhv yazdığınız məlumata görə ödəniş bir başqasının hesabına köçür.
Bu halda həmin ödənişləri geri almaq mümkündürmü?
Mülki hüquqda qeyd etdyimiz hadisə əsassız varlanma hesab olunur. Mülki Məcəllənin (MM) 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur.
MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
- Əldə edilənlərdən götürülən faydaya;
- Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Əldə edilənləri vermək mümkün olmadıqda isə onların dəyəri ödənilməlidir.
Əsassız varlanma obyektini qaytarmaq üçün müddət varmı?
Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olan şəxsə öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Yəni həmin obyekt və ya məbləğ 2 il ərzində tələb olunmazsa, daha sonra iddia müdətti keçdiyinə görə onu tələb etmək mümkün olmayacaq.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Səxavət Yusifov