“Əmək Pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının növlərindən biri də əlilliyə görə əmək pensiyasıdır.

Əlilliyə görə əmək pensiyası nəyə görə təyin edilir?

Qanunun 11-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.

Hansı xüsusiyyətləri var?

Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi əlillik dövrü üçün, pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

Əlillik müəyyən edildikdən sonra əlilliyə görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin olunur. Pensiya ödənişi üzrə bank kartı avtomatik olaraq sifariş edilir.

Sözügedən Qanunun 12.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.

Deməli, bu qayda hərbi rütbələrdən məhrum edilmişvə müharibə ilə əlaqədar olmayan əlilliyi müəyyən edilmiş həqiqi  hərbi xidmət hərbi qulluqçularına şamil edilmir.

Pensiyanın təyin edilməsi üçün:

  1. əlillik xidmət dövründə yaranmalıdır,
  2. ya da xidmətdən buraxıldıqdan sonra yaransa da, xidmət dövründə alınmış xəsarət və ya xəstəlik nəticəsində yaranmalıdır.

Pensiyanın məbləğini öyrənmək üçün bu linkə daxil olaraq məlumatları doldura bilərsiniz.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Zakir Bayramov