Əmək haqqı, onun ödənilməsi qaydası, forması və müddətləri Əmək Məcəlləsi, kollektiv müqavilə və əmək müqaviləsi ilə tənzimlənilir.

Əmək haqqının ödənilməsi qaydası, forması, müddətləri

Məcəllənin 72-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. 

Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Bu o deməkdir ki, əmək haqqı müqavilədə aylıq deyil, illik nəzərdə tutulub, amma belə olan halda da əmək haqqı aylıq verilməlidir.

Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Bu tərəflərin razılığı ilə müəyyən edilir. Yəni, siz əmək müqaviləsi bağlayarkən, aylıq əmək haqqının ayda iki dəfə verilməsini tələb edə bilərsiniz. 

Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

Əmək haqqı gecikdirilərsə, işçinin kompensasiya almaq hüququ var.

Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Qeyd: “İşəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.

1. əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, 

2. onun müvəkkil bankdan alınmaması, 

3. maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir.

Məsələn, işəgötürən əmək haqqını vaxtında hesablamayıb və buna görə sizin əmək haqqınız gecikir. Bu işəgötürənin təqsiri hesab edilir. 

Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi

Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. İşçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 

Tutaq ki, sizə əmək haqqı “A bank” hesabınıza göndərilir. Sizin isə “B bank” və başqa hesablarınız da var. Bu halda əgər istəsəniz, tələb edə bilərsiniz ki, işəgötürən sizin maaşınızı sizin başqa hesabınıza göndərsin. Həm də əmək haqqını əllə də ala bilərsiniz və tələb edə bilərsiniz ki, əmək haqqını sizin ünvanınıza göndərsin.

İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir.

Müəllif: Zakir Bayramov