Əmək Məcəlləsinin 74-cü maddəsi tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarını nəzərdə tutur. Bəs tərəflərin iradəsindən asılı olmayan hallar hansılardır? Gəlin tanış olaq:

-işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;

İşçi işlədiyi dövrdə hərbi xidmətə çağrıldıqda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon idarəsindən  hərbi xidmətə getməsi haqqında sənəd alaraq işəgötürənə təqdim edir. İşəgötürən həmin sənəd əsasında işçiyə işdənçıxma müavinəti verir.

-əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;

Məhkəmə işçinin əvvəlki vəzifəsinə bərpa etdikdə, bu işçinin yerinə işə götürülən şəxsin əmək müqaviləsinə bu maddəyə uyğun xitam verilir.

-qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;

Bu hal işçinin fasiləsiz olaraq 6 aydan artıq müddətə əmək funksiyalarını yerinə yetirə bilməməsi səbəbindən işə gəlməməsi halını nəzərdə tutur.

-işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;

Məsələn, sürücü işləyən işçi ağır qəza törətməsi səbəbindən məhkəmənin qərarına əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan 1 illik məhrum edilib. Bu halda işəgötürən məhkəmənin qərarını əsas tutaraq işçinin əmək müqaviləsinə xitam verə bilər.

-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə;

Məhkəmə qərarı ilə işçi fəaliyyət qabiliyyəti olmayan sayılarsa, o zaman bu qərar əmək müqaviləsinə xitam üçün əsas ola bilər.

-işçi vəfat etdikdə;

İşçi vəfat etdiyi halda vərəsələri müəyyən sənədləri təqdim etməklə 3 aylıq əmək haqqısını ala bilərlər.

-əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə;

İşçi hərbi xidmətdən qayıtdıqdan sonra 60 gün ərzində əvvəlki iş yerinə qayıtmaq hüququna malikdir.

-qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə.

Həmin şəxslərin dairəsi AR Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 nömrəli qərarında əks olunub.

Müəllif: Qədir Qədirli