1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət hansı halda və kimlərə verilir?

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müavinət növlərindən biri də 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətdir.

Əgər 1 yaşınadək uşağınız varsa və ailənizin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququnuz varsa, sözügedən müavinəti almaq hüququnuz yaranır.

Müavinətin məbləği 01 yanvar 2023-cü il tarixdən artırılaraq 100 manat məbləğində müəyyən edilib. Əvvəllər bu məbləğ 70 manat idi.

Müavinət uşağın bir yaşı tamam olan ayın sonunadək təyin edilir. Tutaq ki, uşağınızın bir yaşı 1 mart tarixində tamam olacaq. Bu halda mart ayı üçün də müavinət verilməlidir.

Müraciət etmə qaydası və tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə müəyyən edilmişdir.

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Mərkəzi Elektron İnformasiya Sistemindən (e-sosial.az) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

Tələb edilən sənədlər aşağıdakılardır:

  1. Valideynin (valideynlərin) şəxsiyyət vəsiqəsi, əcnəbinin və vətəndaşlığı olmayan şəxslərin daimi yaşamaq üçün icazə vəsiqəsi
  2. Uşağın doğum haqqında şəhadətnaməsi

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir. 

Mövzu ilə əlaqədar sualınız olarsa, “Instagram” və ya “Facebook” səhifəmizdən bizə yaza

bilərsiniz.

Müəllif: Zakir Bayramov