İşsizlikdən sığorta ödənişi nədir, kimlərə şamil olunur?

Əmək müqaviləsi ilə çalışan hər bir işçi əmək qanunverciliyində nəzərdə tutulmuş əsaslarla işsizlikdən sığorta ödənişi almaq hüququna malikdir. Qanunvericilik əmək münasibətlərinə xitam verildiyi hallarda işçinin mənafeyini müdafiə edərək itirilmiş əmək haqqının kompensasiya olunması üçün bu təminat formasını nəzərdə tutub.

İşsizlikdən sığorta ödənişini kimlər ala bilərlər?

  • dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi ilə əmək münasibətlərinə xitam verilmiş şəxslər;
  • işçilərin və ya dövlət qulluqçularının sayının və ya ştatların ixtisar edilməsi ilə əmək münasibətlərinə xitam verilmiş şəxslər;
  • əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək münasibətlərinə xitam verilmiş şəxslər;
  • “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınan şəxslər

Müvafiq maddələrlə işdən azad olunan şəxs nə etməlidir?

Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 5 iş günü ərzində DOST mərkəzlərinə müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, sığorta ödənişi təyinatı üzrə qərar qəbul edir və ödəniş təyin edilir.

İşsizlikdən sığorta ödənişi hansı müddətə təyin edilir?

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə, ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay təyin edilir. Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində təyin edilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yolverilir.

Əsas sığorta ödənişinə əlavə hansı hallarda hesablanır?

İzah etməyə çalışaq, misal olaraq:

Könül 2022-ci il 1 yanvarda müəssisə bağlandı deyə işdən ayrılmalı oldu, son 2 ildə, yəni  1 yanvar 2020-ci ildən bəri 12 aydan çox sığorta stajı olduğu üçün o, məşğulluqda işsiz kimi qeydiyyata alındıqdan sonra orta aylıq maaşının yarısı qədər işsizlikdən sığorta müavinəti alacaq.

İşsizlikdən sığorta ödənişi almaq hüququ yaranan işsiz şəxslərin himayəsində 18 yaşa çatmamış uşaq olduqda (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, 23 yaşdan çox olmamaqla) əsas sığorta ödənişinə əlavə almaq hüququ vardır. Əlavənin məbləği hər uşağa görə 5% (lakin 20%-dən çox olmamaq şərtilə) artırılır.

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsinin surəti

Ödənişi almaq üçün şəxs yaşadığı ərazi üzrə Məşğulluq mərkəzlərinə və ya  DOST mərkəzlərinə müraciət edib işsiz kimi qeydiyyata alınmalıdır. Əgər şəxəsin bu ödənişi almaq hüququ yaranarsa, işsizliyə görə sığorta ödənişinin məbləği müraciət etdiyi  aydan etibarən hesablanır.

Müəllif: Nərminə Kazımova

Qismən ödənişli sosial müavinət

Doğuş həyata keçirmiş qadın hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə edə bilər. Bununla yanaşı, uşağın 3 yaşı tamam olanadək “uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət” hüququndan da istifadə edə bilər. Qanuna əsasən, həm hamiləliyə və doğuşa görə məzuniyyət, həm də uşağa qulluq sosial sığorta hadisəsi hesab olunur. Sığorta hadisəsi dedikdə, fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması başa düşülür.

Kimlər uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilər?

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Bu o deməkdir ki,  valideyn istəyinə uyğun olaraq 3 ili tam götürə bilər və ya uşağın 1 yaşı tamam olduqdan sonra işə geri qayıda və 2 yaşında yenidən bu məzuniyyətdən istifadə edə bilər.

Uşağa qulluğa görə müavinətin miqdarı

Bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manatdır. Bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilmişdir.

Müavinət hansı qaydada verilir?

Uşağa qulluğa görə müavinət qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edən şəxslərə Dövlət sosial müdafiə fondu (DSMF) tərəfindən ödənilir.

Məzuniyyətdə olduğu zaman iş yeri hansı hüquqi əsasla saxlanmalıdır?

Təcrübədə rast gəlinən məqamlardan biri də işçinin qismən ödənişli sosial məzuniyyətdə olduğu zaman yerinə başqa işçinin cəlb olunması və iş yerinə qayıtmaq istəyərkən bununla əlaqədar müəyyən problemlərlə rastlaşmasıdır. Əmək Məcəlləsində 111.1-ci maddədə məzuniyyətdə olan işçinin hüquqi təminatları əks olunmuşdur. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bəzi hallarda orta əmək haqqı saxlanılır. Həmçinin işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Onu da deyək ki, bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Müəllif: Nərminə Kazımova

Uşağın ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələrlə bağlı məhkəmə təcrübəsi

Boşanma halları olduqca keçmiş ər-arvad arasında əmlak, uşaq və digər məsələlərlə bağlı müxtəlif problemlər ortaya çıxa bilir. Belə problemlərdən biri də yetkinlik yaşına çatmayan uşağın xaricə getməsi zamanı ortaya çıxır.

Uşağın valideyni və ya tək getməsi üçün notarial razılıq olmalıdır.

Qanunvericilik Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsi yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasını nizamlayır. Bu halda qanun universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsinə yalnız məhkəmə qərar verir.

Hansı hallarda uşağın üstün mənafeyi nəzərə alınmalıdır?

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən uşaqların üstün mənafelərinin nəzərə alınmasının xüsusi əhəmiyyətini qeyd etmək yerində olardı. Məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən aşağıdakı hallar üçün uşağın üstün mənafeyi nəzərə alınmalıdır:

  • Uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsi
  • İstirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi
  • Uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması halları

Hansı hallarda uşağın fikri nəzərə alınır?

Uşağa onun mənafeyinə toxunan hər hansı məhkəmə araşdırmasının gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmçinin Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmçinin qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bundan başqa “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.

Məhkəmələrdə uşağın dinlənilməsi

Məhkəmələr tərəfindən bu qəbildən olan işlərə baxılarkən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış uşağın fiziki və psixoloji vəziyyəti nəzərə alınmaqla dinlənilməsi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, bu dinlənilmə uşağın yaşayış yerində, təhsil aldığı müəssisədə, o cümlədən sosial həyata uyğunlaşdığı şəraitdən ölkəni bir valideyni ilə çıxması səbəbi ilə daimi və ya müvəqqəti məhrum olmasının onun əqli, fiziki və mənəvi inkişafına yaratdığı təsirlərlə əlaqədar uşağın fikirlərinin öyrənilməsi baxımından həyata keçirilməlidir. Ailə qanunvericiliyinin müəyyən yaş həddinə çatmış uşağın fikrinin nəzərə alınması ilə bağlı göstərişləri hər bir işin konkret hallarından və uşağın üstün mənafeyindən çıxış edilərək, onların fikri ilə üst-üstə düşməyən qərarın qəbul olunmasını istisna etmir. Lakin bu cür hallarda uşağın fikrini həlledici hesab etməyən məhkəmə öz mövqeyini işin hallarına və işdə olan sübutlara istinadla əsaslandırmalıdır.

Müəllif: Nəzrin Həsənova

Boşanmış valideynlər uşağı hansı hallarda xaricə apara bilərlər?

Son illərdə bir çox dünya ölkələrində, o cümlədən ölkəmizdə boşanmaların sayının getdikcə artmaqda olduğunu müşahidə edirik. Boşanma sonrasında bir sıra problemlər meydana gələ bilir və elə problemlərdən biri də uşağın xaricə getməsi zamanı ortaya çıxır.

Uşağın ölkədən xaricə getməsi məsələsi hansı qaydalara uyğun olaraq tənzimlənir?

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığının tələb olunduğu qeyd edilib. Valideynlərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən xaricə getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

ətraflı oxu

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülmə qaydası

Övladlığa götürmə qaydası üç mərhələdə həyata keçirilir:

  • Övladlığa götürmək istəyən şəxslərin uçota alınması;
  • Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
  • Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

Övladlığa götürmək istəyən şəxslərin uçota alınması

Övladlığa götürmək istəyən şəxslərin uçota alınması Ailə Məcəlləsinin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. Belə ki, e-sosial.az internet portalı üzərindən elektron formada aparılır. Elektron qaydada uçot aparılarkən bir sıra tələblər yerinə yetirilməlidir.

Elektron qaydada övladlığa götürmək istəyən şəxslərlə bağlı uçot aparılarkən yerinə yetirilməli olan tələblər:

  • valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar;
  • valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar;
  • valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar;
  • əvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin əvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.
ətraflı oxu

Dəfn pulu nədir, kimlərə və hansı qaydada verilir?

Dəfn pulu nədir?

Ölüm bioloji bir proses olmaqla yanaşı, həm də sosial sığorta hadisəsi hesab olunur. Sosial sığorta şəxsin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin bərpa edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəlmiş bir hadisədir. Dəfn pulu da bu sosial sığorta üzrə ödəmələrin bir növüdür. 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən dəfn pulu 350 manat məbləğində müəyyənləşdirilib və dəfn pulu mərhumun аilə üzvlərinə və yа оnu dəfn еtməyi öhdəsinə götürən şəхslərə vеrilir.

Dəfn pulu kimlərə verilir?

Dəfn pulu aşağıda qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə ödənilir:
• dövlət qulluqçularına ömürlük müavinət;
• yaşa görə müavinət;
• əlilliyə görə müavinət;
• sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
• ailə başçısını itirməyə görə müavinət

Sığortaolunanlar üzrə dəfn pulu “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum pensiyanın (240 manat) 3 misli qədər, yəni 720 manat, yaşa görə müavinət alan və sığortaolunan şəxs vəfat etdikdə isə 350 manat məbləğində birdəfəlik müavinət ödənilir. Dəfn üçün birdəfəlik müavinət şəxsin müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri – məbləğcə daha artıq olan, yəni, 720 manat ödənilir.

Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.

ƏTRAFLI OXU

Aliment ödəməyən şəxsləri hansı cəza gözləyir?

Aliment barədə nələr bilirsiniz? Gəlin  bir yerdə bəzi məsələlərə aydınlıq gətirək. Əslində hər birimiz alimentin nə olduğunu az-çox bilirik.

Aliment nədir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqları saxlamağa borcludurlar. Eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. O məbləğin adı alimentdir.

Hazırkı dövrdə evli və ya nikahına xitam verilmiş insanların ən ciddi problemlərindən biri alimentin vaxtında və ya heç ödənilməməsidir. Bəzən uzun müddət aliment öhdəliyini yerinə yetirməyən valideynlər düşünürlər ki, onları heç bir məsuliyyət tədbiri gözləmir. Lakin bu heç də belə deyil.

Alimentin tutulması tələbinə dair icra işini icra etməkdən boyun qaçıran, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən tədbirlər görülür (borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.).

ƏTRAFLI OXU

Ünvanlı Dövlət Sosial Yardım nədir və kimlərə şamil olunur?

Hər kəsin normal yaşaya bilməsi, gündəlik ehtiyaclarını və təlabatlarını ödəyə bilməsi üçün mütəmadi olaraq əldə edə biləcəyi gəlirə ehtiyacı var. Sosial bərabərsizliyin mövcudluğu özünü əhalinin gəlir səviyyəsinin müxtəlifliyində göstərir. Təəssüf ki, əhalinin bir qismi normal miqdarda gəlir əldə etsə də, digər qisminin cibinə nəinki yaşayış minimumundan çox, hətta yaşayış minimumu olaraq müəyyənləşən məbləğdən də daha az gəlir daxil olur. Məhz bu səbəbdən də, qanunvericilik ünvanlı dövlət sosial yardımı (ÜDSY) mexanizmindən istifadə edir.

ətraflı oxu

Hərbi xidmətə yollanan işçinin iş yerinin saxlanılırmı?

Son illər ərzində, xüsusilə də 2-ci Qarabağ müharibəsindən sonra hərbi qulluqçular və müddətli hərbi xidmətə çağırılan çağırışçılarla bağlı tez-tez suallara rast gəlirik. Bunlardan biri də hərbi xidmətə yollanan işçinin hərbi xidmətdə olarkən iş yerinin vəzifəsinin saxlanılması qaydasıdır.

Bəs hərbi xidmətə yollanan işçinin iş yeri saxlanılırmı?

Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işçi hərbi xidmətdə olduğu müddət ərzində fəaliyyət göstərdiyi iş yeri və vəzifəsi saxlanılır. Lakin işçi hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdir. Əgər işçi 60 gün müddətini ötürərsə, onun əmək müqaviləsinə xitam verilir və əvvəlki vəzifəsinə qayıda bilmir.  Onu da qeyd edək ki, müəssisənin ləğv olunması halında bu, istisna təşkil edir.

Hərbi xidmətə yollanan işçiyə verilən müavinət

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçi həqiqi hərbi xidmətə yollandıqda ona orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödənməlidir. Məsələn işçinin  orta aylıq əməkhaqqı 500 manatdırsa, ona 1000 manat müavinət ödənməlidir.

Bəs hərbi xidmətə yollanan işçinin yerinə götürülən digər işçinin aqibəti necə olur?

Hər hansı bir müəssisədə çalışan işçi həqiqi hərbi xidmətə yollandıqda, həmin işçinin yerinə müəssisə peşə və ixisas dərəcəsinə uyğun olan başqa bir işçi qəbul oluna bilər. Lakin, hərbi xidmətə yollanan işçi təxris olunduqdan sonra əvvəlki iş yerinə qayıdarsa, hərbi xidmətdə olan işçinin yerində çalışan digər işçinin əmək müqaviləsinə xitam verilir.

Hərbi xidmətə yollanan işçiyə ödənilən müavinət gəlir vergisindən azaddırmı?

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinin tələbinə görə, işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin bütün məbləği gəlir vergisindən azaddır. Ümumiyyətlə, hər bir çalışan və gəlir əldə edən şəxs dövlətə əldə etdiyi gəlirdən müəyyən qədər dövlətə vergi ödəyir, amma bu maddədə işçi hərbi və ya alternativ xidmətə çağırılarsa, bu halda şəxs Vergi Məcəlləsinə əsasən gəlir vergisindən azaddır.

Hərbi xidmətin sığorta stajına daxil edilməsi

“Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsinə əsasən, hərbi xidmət müddətləri sığorta stajına daxil edilir. Həmçinin bu maddədə göstərilir ki, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992- ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığorta stajına daxil edilən iş fəaliyyətidir.

Buraya həmçinin aiddir 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövründə olmuş şəxslər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Müdafiə Nazirliyi və ona tabe olan hərbi hissələr və digər orqanlarda ( Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi) olan xidmət müddəti sığorta stajına daxil edilir.

Müəllif: Cazid Əlizadə

RSS Error: WP HTTP Error: Keçərli bir ünvan əldə edilmədi.
RSS Error: WP HTTP Error: Keçərli bir ünvan əldə edilmədi.
RSS Error: WP HTTP Error: Keçərli bir ünvan əldə edilmədi.