Mülki Məcəllənin (MM) 1121.1-ci maddəsinə əsasən ailə başçısının öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:
- Ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
- Şəxsin ölümündən sonra doğulmuş uşağı;
- Ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü – əmək qabiliyyətindən asılı olmayaraq;
- Ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlәrdәn biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.
Bəs zərərin əvəzi kimlərə ödənir?
Qeyd olunan maddəyə əsasən zərərin əvəzi aşağıdakılara ödənilir:
- Yetkinlik yaşına çatmayanlara – 18 yaşına çatanadək;
- 18 yaşından yuxarı tələbələrə – əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu 23 yaşınadək;
- 55 yaşından yuxarı qadınlara və 65 yaşından yuxarı kişilərə – ömürlük;
- Əlilliyi olan şəxslərə – əlillik müddəti üçün;
- Ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə – qulluq etdikləri 14 yaşına çatanadək.
Zərərin əvəzinin miqdarı necə hesablanır?
MM-in 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslər ölənin sağlığında onun qazancından öz dolanacaqları üçün aldıqları və ya almaq hüququna malik olduqları miqdarda zərərin əvəzini tələb edə bilərlər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Həmçinin nəzərə almaq lazımdır ki, əvəz miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.
Qeyd olunan ödənişlərdən əlavə, zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Səxavət Yusifov