“Əmək Pensiyaları haqqında” Qanun ilə müəyyən edilmiş əmək pensiyalarının növlərindən biri də ailə başçısını itirməyə görə əmək pensiyasıdır.

Qanuna əsasən vəfat etmiş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

  • vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
    1. 18 yaşına çatmamış;
    2.  18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;
    3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
  • ata, ana, ər, arvad Qanun ilə müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;
  • yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə;
  • sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə.

Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. Pensiya yuxarıda qeyd edilən şərtlər mövcud olduqda təyin edilir və bu şərtlər aradan qaxdıqda pensiya dayandırılır.

Ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Qanun ilə nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir.

Son dəyişikliklərdən sonra əmək pensiyasının minimum məbləği 280 manatdır.

Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranan şəxs aşağıdakı sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun regional filialına və ya “DOST” mərkəzinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vaistəsi ilə müraciət edə bilər:

  1. əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
  2. vəfat etmiş şəxsin ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəlsri üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı;
  3. vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti;
  4. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;
  5. ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı;
  6. vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı övladının (övladlarının) əlilliyinin, habelə atasının, anasının, arvadının, ərinin I və ya II dərəcə əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış;
  7. ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Zakir Bayramov