Ailə vəziyyətinə görə müddətli hərbi xidmətə çağırışa hansı hallarda möhlət verilir?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən müddətli hərbi xidmətə çağışa möhlət verilməsinin bir sıra əsasları var. 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:

  • ailə vəziyyətinə görə;
  • sağlamlıq vəziyyətinə görə;
  • təhsili davam etdirmək üçün;
  • Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);
  • deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar.

Şəxsin ailə vəziyyətinə görə müddətli hərbi xidmətə çağırışa möhlət verilməsi çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir.

Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

  • başqa övladı olmayan I dərəcə əlilliyi olan ata, yaxud ana;
  • 3 və daha çox uşaq;
  • I dərəcə əlilliyi olan arvad;
  • 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);
  • 8 yaşınadək və yaxud I dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.

Qeyd: Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Zakir Bayramov