Ailə Məcəlləsinə əsasən ailənin başqa üzvlərinin də aliment öhdəlikləri var. Ailənin başqa üzvlərinin aliment öhdəlikləri həmin məcəllənin 88-93-cü maddələrində göstərilmişdir.

Aşağıdakı şərtlərin olduğu hallarda qardaş və bacılar zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılarından aliment almaq hüququna malikdirlər:

  1. əgər qardaş və bacılar yetkinlik yaşına çatmayıbsa, 
  2. yardıma ehtiyacı varsa, 
  3. valideynlərindən saxlanılmaları üçün yardım ala bilmirlərsə.

Qeyd: Şəxsin zəruri vəsaitə malik olub-olmaması məhkəmə qaydasında müəyyən edilir.

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılara da eyni hüquq verilir. Onlar valideynlərindən, yaxud ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, bu hüquqdan yararlana bilərlər.

Məsələn, 13 yaşındakı Əlinin yardıma ehtiyacı var və valideynləri əmək qabiliyyətli deyil. Onun Vüqar adlı qardaşı və Nisə adlı bacısı yetkinlik yaşına çatıblar və Əliyə aliment verəcək qədər vəasitə malikdirlər. Bu halda Əli Vüqar və Nisədən aliment almaq hüququna malikdir.

Əli 18 yaşında olsa idi və əmək qabiliyyəti olmasa idi, bu halda da eyni hüquqa malik olacaqdı.

Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi:

Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik babadan (nənədən) məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

Əli, həmçinin, eyni şərtlər və hallarda nənə və babasından da aliment almaq hüququna malikdir.

Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi:   

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

Yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi:

Yetkinlik yaşına çatmayan uşaqları faktiki tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxslər, öz yetkinlik yaşına çatmış övladlarından və ya ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

Faktiki tərbiyəçilər öz yetirmələrini 5 ildən az müddətdə tərbiyə etdiyi və saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər.

Qəyyumluğa (himayəyə) verilmiş və ya tərbiyə olunmaq üçün himayədar ailəyə verilmiş şəxslərin isə həmin şəxslərə aliment ödəmək və ya onları saxlamaq vəzifəsi qanunda nəzərdə tutulmur.

Tutaq ki, Əli Aqilin himayəsinə verilib. Bu halda Əlinin Aqilə aliment vermək öhdəliyi yoxdur.

Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi:

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa, özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər.

Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər.

Yuxarıda qeyd olunan şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir.

Qeyd: Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduğu halda məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir. Miqdarı hər birinin ödəməli olduğu məbləğ nəzərdə tutulur. Həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə qarşı iddia verilməsindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır.

Müəllif: Zakir Bayramov