Aliment barədə nələr bilirsiniz? Gəlin  bir yerdə bəzi məsələlərə aydınlıq gətirək. Əslində hər birimiz alimentin nə olduğunu az-çox bilirik.

Aliment nədir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqları saxlamağa borcludurlar. Eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. O məbləğin adı alimentdir.

Hazırkı dövrdə evli və ya nikahına xitam verilmiş insanların ən ciddi problemlərindən biri alimentin vaxtında və ya heç ödənilməməsidir. Bəzən uzun müddət aliment öhdəliyini yerinə yetirməyən valideynlər düşünürlər ki, onları heç bir məsuliyyət tədbiri gözləmir. Lakin bu heç də belə deyil.

Alimentin tutulması tələbinə dair icra işini icra etməkdən boyun qaçıran, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən tədbirlər görülür (borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.).

Ən çox qarşılaşdığımız suallardan biri budur,

“Əgər aliment öhdəliyini yerinə yetirməyən borclunun yeri məlum deyildirsə, onu necə tapa bilərik?”

Borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir. Həmin qərar icra olunması üçün daxili işlər orqanlarına göndərilir.

“Alimenti uzun müddətdir ödəmirəm, məni hansı cəzalar gözləyir?”

lk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və həmin qərarı 10 gün müddətinə könüllü icra etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirilmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər.

Alimentin ödənilməsi barədə qərarların icrasına nəzarət edən əsas məsul orqan olan Ədliyyə Nazirliyindən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər inzibati (AR İXM-nin 528-ci maddəsi) məsuliyyətə cəlb oluna bilərlər.

Yox, əgər tərəf bu məsuliyyətdən də dərs çıxarmazsa, son dəfə xəbardarlıq edilir və sonda Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu iki min manatdan dörd min manatadək miqdarda cərimə, üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Öhdəliklərinizi vaxtında yerinə yetirin ki, aliment ödəyən şəxsdən məhkuma çevrilməyəsiniz.

Müəllif: Nurtac Siraclı