Alimentin sabit pul məbləğində tutulması nə deməkdir?

Aliment tələbinə dair müraciətlərdə daha çox alimentin sabit pul məbləğində tutulmasına dair iddia qaldırmaq mümkün olur. 

Bunun səbəbləri nələrdir? Məhkəmə aliment təyin edərkən nəyi nəzərə almalıdır?

Əgər valideynlər arasında razılaşma yoxdursa, aliment məhkəmə qaydasında tutula bilər. Bunun üçün aliment almaq istəyən şəxslər məhkəmədə aliment tələbinə dair iddia qaldırmalıdırlar.

Rəsmi gəliri olmayan şəxslərdən aliment sabit pul məbləğində tutulur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, 

1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş (nikah müqaviləsi) yoxdursa;

2. aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa;

Tutaq ki, Məmməd iki uşağının saxlanılması üçün -aliment ödəməlidir, lakin sabit gəliri yoxdur. Aylar üzrə gah 500 manat, gah 300 manat qazanır, ya da ki heç gəliri olmur. Bu halda məhkəmə hər iki uşaq üçün yaşayış minimumuna uyğun sabit miqdarda aliment təyin edə bilər. Bir uşaq üçün həmin məbləğ 193 manat olduğundan, deməli, məhkəmə 386 manat aliment təyin edə bilər. Bu məbləğ az və ya yuxarı da ola bilər, lakin həm uşağın mənafeyi, həm də yuxarıda sadalanan hallar nəzərə alınmalıdır.

3. habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda;

Tutaq ki, Məmməd iki uşağının saxlanılması üçün aliment ödəməlidir lakin, lakin aylıq gəliri 300 manatdır. Bu halda aliment miqdarı gəlirin üçdə ikisi uşağın saxlanılması üçün kifayət etmədiyindən aliment gəlirdən tutulması qarşı tərəfin və uşağın marağının əhəmiyyətli dərəcədə pozulmasıdır. Bu halda da məhkəmə hər iki uşaq üçün yaşayış minimumuna uyğun sabit miqdarda aliment təyin edə bilər. 

4. uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınaraq təyin edilir.

Bəs bu diqqətəlayiq hallar nədir?

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, alimentin miqdarı müəyyən edilərkən şəxsin aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. 

Lakin şəxsin aliment tutulmayan digər övladlarının olması, digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması kimi səbəblər alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Aliment miqdarı müəyyən edilərkən uşağın maddi vəziyyətinə təsir edən hallar nəzərə alınmalıdır. Yəni burada əsas məsələ aliment ödəyənin deyil, ilk əvvəl uşağın mənafeyidir.

Aliment tələbinə dair iddia ərizəsini yaşadığınız yer üzrə və ya cavabdehin yaşadığı yer üzrə verilə bilər. Belə ki, bu halda seçim hüququnuz var. Onu da qeyd edək ki, aliment ödəyən şəxs  alimentin miqdarının azaldılması barədə iddianı yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verə bilər.

Məhkəmə sabit pul məbləğində aliment təyin edərkən həm də uşaqlar üçün müəyyən edilən yaşayış minimumunu nəzərə alır.

Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minumumu 2022-ci üçün 193 manat müəyyən edilib.

Əgər alimentin sabit pul məbləğində tutulmasına dair iddia ərizəsi ilə müraciət etmək istəyirsinizsə, iddia ərizəsi nümunəsin buradan yükləyə bilərsiniz.

Müəllif: Zakir Bayramov