Mülki Məcəllənin (MM) 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

Bəzi hallarda alıcı əşyanı konkret nümunəyə və (və ya) təsvirə əsasən almaq istəyir. Bu halda satıcı alıcıya həmin nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməlidir. Həmçinin bəzi hallarda satılan əşyanın keyfiyyəti barəsində qanunla məcburi tələblər müəyyən edilir, belə olduqda satıcı həmin məcburi tələblərə uyğun əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.

Alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinə dair başqa qayda nəzərdə tutulmadıqda alıcıya verilən əşya Mülki Məcəllənin 581-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Alıcının aldığı bu əşya ağlabatan müddət ərzində istifadəyə yararlı olmalıdır. Satıcı alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti üçün qarantiya verdikdə bu qarantiyanın müddətini müqavilədə göstərməlidir.

Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir.

Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Əşya üçün qarantiya müddəti müəyyənləşdirilmədiyi halda alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.

Alqı-satqı müqaviləsində komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha qısa qarantiya müddəti müəyyənləşdirildikdə alıcı komplektləşdirici məmulatın qüsurları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Müqavilədə komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha uzun qarantiya müddəti müəyyənləşdirildikdə isə alıcı əşyanın qüsurları ilə bağlı tələbləri əsas məmulatın qarantiya müddətinin bitib-bitmədiyindən asılı olmayaraq, komplektləşdirici məmulatın qüsurlarını onun qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.

Müqavilədə nəzərdə tutulan qarantiya müddəti 2 ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən 2 il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.

Bəs qarantiya müddəti necə hesablanır?

MM-in 583.1-ci maddəsinə uyğun olaraq qarantiya müddəti əşyanın alıcıya verildiyi andan başlanır. Lakin tərəflər müqavilədə başqa qayda müəyyən edə bilərlər. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, komplektləşdirici məmulat üçün qarantiya müddəti əsas məmulat üçün qarantiya müddətinə bərabər sayılır və əsas məmulat üçün qarantiya müddəti ilə eyni vaxtda başlanır. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.

Əgər alıcı qarantiya müddəti ərzində əşyada qüsur aşkar edir və onun dəyişdirilməsini tələb edirsə, yeni verilən əşya əvvəlki qüsurlu əşyla ilə eyni qarantiya müddətinə malik olur.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Səxavət Yusifov