“Sosial müavinətlər haqqında” Qanuna edilən son dəyişikliyə əsasən yeni müavinət növü müəyyən edilmişdir. Bu müavinət həmin qanunla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət adlanır.

Bu müavinət birdəfəlik verilir.

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinətin təyin edilməsinin qanunvericiliklə bəzi şərtləri müəyyən edilmişdir.

  1. İşğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olmalıdr. 
  2. Əmək Məcəlləsinin 21-1-ci maddəsi ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri göstərilmişdir.

Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda sözügedən müavinəti almaq hüququna malikdirlər:

  • mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;
  • mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;
  • mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda.

Yuxarıda göstərilən bu şərtlərdən biri pozulduqda müavinətin verilməsindən imtina edilə bilər.

“Sosial müavinətlər haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

Tutaq ki, siz 2023-cü ilin avqust ayından 1 illik əmək müqaviləsi ilə işğaldan azad edilmiş ərazilərdə işləyirsiniz. Siz həmin vaxt müavinəti almaq üçün müraciət edə bilərsiniz. Tutaq ki, siz 2029-cu ildə xatırladınız ki, bu müavinəti almamısınız. Yenə də müavinət almaq hüququnuz qalır.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilir.

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət – 600 manat müəyyən edilmişdir.

Müəllif: Zakir Bayramov