Aztəminatlı ailə dedikdə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür.

Bəs ehtiyac meyarı nədir?

Bütün ehtiyacların minimum səviyyəsi ehtiyac meyarını yaradır.

Ehtiyac meyarı qanuna əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Qanunla 2022-ci il üçün bu hədd 200 manat məbləğində müəyyən edilib. 

Ailənin gəlirləri – ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur.

Ailənin orta aylıq gəliri – ailənin gəlirinin orta aylıq göstəricisi, ailədə adambaşına düşən orta gəlir isə ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbətidir.

Aztəminatlı ailələr ünvanlı sosial yardım almaq hüququna malikdir. AR ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım ala bilər. Belə səbəblərə ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Dövlət Məşğulluq Agentliyinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s. aiddir.

Aztəminatlı ailə ünvanlı sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir.

Yaşayış minimumu hansı meyarlar əsasında müəyyən edilir?

Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Minimum istehlak səbətinin formalaşdırılması

Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:

1. ərzaq məhsullarının minimum toplusu;

2. fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);

3. xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).

Qeyd: 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210, əmək qabiliyyətli əhali üçün 220 , pensiyaçılar üçün 176 və uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Müəllif: Zakir Bayramov