Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən “bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.”

Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Əmlak hədiyyə alan şəxsə verildikdən sonra artıq onun əmlakı hesab olunur və yalnız istisna hallarda geri alına bilir.

Bu hallardan biri hədiyyənin restitusiyasıdır. Yəni hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.

Göründüyü kimi restitusiyanın mümkün olması üçün hədiyyə verən bu barədə müqavilədə şərt nəzərdə tutmalıdır. Əks halda həmin əmlak hədiyyə alanın vərəsələrinə vərəsəlik qaydasında keçəcəkdir.

Digər hal isə bağışlamadan imtinadır. Qanunvericiliyə əsasən bağışlamaqdan aşağıdakı hallarda itmtina edilə bilər:

  • Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;
  • Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
  • Hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

Qanun bağışlamadan imtina üçün müddət də müəyyən edib. Belə ki, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir (1) il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək ölərsə, imtina hüququ onun vərəsələrinə keçir. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Yuxarıda göstərilən xüsusi hallarda bağışlanmış əmlakın hədiyyə verənin mülkiyyətinə qaytarılması mümkündür. Bu hallardan başqa tərəflər arasında bağlanmış müqavilənin etibarsız olduğu hallarda da əmlak geri alına bilər.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

 Müəllif: Səxavət Yusifov