“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sosial müavinətlərin növlərindən biri də beşdən çox uşağı olan qadınlara müavinətdir.
Müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin edilir. Yəni müavinət hüququnun yaranması üçün uşaqların hamısının bir yaşı tamam olmalıdır.
“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə müavinətin məbləği müəyyən edilmişdir.
Müavinətin məbləği hər uşağa görə 2023-cü ilin yanvarın 1-dən 105 manat məbləğində müəyyən edilmişdir. Əvvəllər bu məbləğ 70 manat idi. Müavinət aylıq verilir və uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir.
Müavinət üçün müraciət qaydası və tələb edilən sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə müəyyən edilmişdir.
Sosial müavinətin təyin olunması üçün şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilərsiniz.
Müavinətin təyin olunması üçün aşağıdakı sənədlərlə müraciət etməlisiniz:
- Ananın və uşaqlarının şəxsiyyət vəsiqələri
- Ailə tərkibi haqqında arayış
- Uşaqların doğum haqqında şəhadətnamələri
- Nikah haqqında şəhadətnamə
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir. Mövzu ilə əlaqədar sualınız olarsa, “Instagram” və ya “Facebook” səhifəmizdən bizə yaza bilərsiniz.
Müəllif: Zakir Bayramov