Təcrübədə ən çox rast gəlinən və hüquqi mübahisələrə səbəb olan mülki-hüquqi müqavilələrdən biri borc müqaviləsidir. Adətən insanlar tanıdıqları şəxslərə müəyyən məbləğlərdə borc pul verir, lakin bunu heç cür rəsmiləşdirmirlər. Nəticədə tərəflər arasında mübahisə yarandıqda borcu verən verdiyi borcu və ya məbləğini sübut edə bilmir.
Sual yaranır ki, borc müqaviləsi hansı qaydalarda bağlana bilər və hansı qaydada bağlanması borcverən üçün daha yaxşı olar?
Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə bu Məcəllədə ayrı qayda nəzərdə tutulmadığı hallarda Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər.
Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Məcəllənin 740-cı maddəsinə əsasən müqavilə həm şifahi, həm də yazılı bağlana bilər. Lakin bu müqavilənin predmetinin məbləği üç min (3000) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Göründüyü kimi qanun 3000 manatadək müqavilələrdə şifahi müqavilələrə icazə versə də, bu məbləğdən artıq predmeti olan müqavilələr üçün yazılı forma tabe edir.
Əgər tərəflər istəyərsə, bu müqaviləni notarial qaydada da bağlaya bilərlər.
Borc verən şəxslərə borcun məbləğindən asılı olmayaraq yazılı müqavilə bağlamağı və ya ödənişi onlayn üsullarla etməyi tövsiyə edirik. Unutmayın, “ehtiyat igidin yaraşığıdır”.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Səxavət Yusifov