Hesab edək ki, Əli X bankdan 50 min manat kredit götürür və dostu Akif həmin borc üçün öz evini ipoteka qoyur. Bir neçə il sonra Əli vəfat edir və Bank Akifin evinin hərracda satılması üçün məhkəməyə müraciət edir.

Bank bu tələblə məhkəməyə müraciətində haqlıdırmı? Bu suala Konstitusiya Məhkəməsi 19 aprel 2023-cü il tarixli plenum qərarı ilə cavab vermişdir. Bu yazıda Konstitusiya Məhkəməsinin bu qərarı şərh olunacaqdır.

Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edib.

Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Mülki Məcəllənin (MM) 269-cu maddəsinə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.  İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə əsasən isə girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur.

Göründüyü kimi, ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir.

İpoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü müqaviləyə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da müqavilə üzrə öhdəlik davam edir.

Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə  qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

Bəs borclu öldükdə onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana tələb irəli sürülə bilərmi?

Əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə  və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır.

Göründüyü kimi, öhdəliyin icra günü borclunun onu icra etməməsi öhdəliyin pozulmasına səbəb olur. Məhz bu gündən (əsas müqavilə üzrə öhdəliyin pozulduğu gündən) etibarən kreditorun tutmanın ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürməsi mümkündür.

Yekun olaraq, Konstitusiya Məhkəməsinin hesab edir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi  və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər.

Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Yəni, məsələn atadan övladların 100 min manat dəyərində miras əmlakı qalıbsa, övladlar atanın borcu nə qədər çox olsa da, 100 min manat həcmində məsuliyyət daşıyacaqlar.

Yazının əvvəlində göstərdiyimiz nümunəyə geri dönək. Əgər Əlinin ölümündən sonra onun vərəsələrinin Əlinin öhdəliyini yerinə yetirmirsə, yəni vatında kredit ödənişi etmirlərsə, X bank Akifə qarşı olan tələbində haqlı olduğunu deyə bilərik.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Səxavət Yusifov