Son illərdə bir çox dünya ölkələrində, o cümlədən ölkəmizdə boşanmaların sayının getdikcə artmaqda olduğunu müşahidə edirik. Boşanma sonrasında bir sıra problemlər meydana gələ bilir və elə problemlərdən biri də uşağın xaricə getməsi zamanı ortaya çıxır.

Uşağın ölkədən xaricə getməsi məsələsi hansı qaydalara uyğun olaraq tənzimlənir?

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığının tələb olunduğu qeyd edilib. Valideynlərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən xaricə getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Nikahın pozulması tələbinə dair işə baxarkən məhkəmə yetkinlik yaşına çatmayan uşağın valideynlərindən birinin yanında qalması ilə bağlı qərar qəbul edir. Hər bir valideynin öz övladı barəsində məlumatlı olmaq və onunla görüş hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.2-ci maddəsində uşaqlarla yaşayan valideynin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalı olduğu öz əksini tapmışdır. Uşağın xarici ölkəyə getməsi halında valideyn övladı ilə görüş hüququnu həyata keçirə bilmir. Bu baxımdan uşağın xaricə getməsində digər valideynin razılığı məsələsi mühüm rol oynayır.

İşin məhkəmə qaydasında həll olunması üçün uşağın himayəsində olduğu tərəf uşağın xaricə getməsinə izn verilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə qərar verərkən halların uşağın lehinə olub-olmadığını nəzərə almalıdır. Uşağın lehinə olan hallara uşağın sağlamlığı, təhsili və başqa bu sıradan məsələlərlə bağlı olan hallar aiddir. Uşağın xarici ölkəyə getməsi onun xaricdə müalicəsi ilə əlaqədar ola bilər. Eyni zamanda təhsili ilə əlaqədar seminar və ya konfransda iştirak etməsi, həmçinin də idman oyunlarında iştirak etməsi ilə bağlı ola bilər. Qeyd etdiyimiz kimi, bu hallar məhkəmənin qərar qəbul edərkən nəzərə almalı olduğu uşağın lehinə olan hallardır. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Konvensiyada öz əksini tapdığına görə uşaqların maraqlarının təmin edilməsinə məhkəmələr, dövlət orqanları riayət etməlidir.

Müəllif: Nəzrin Həsənova