“Sosial müavinətlər haqqında” Qanun ilə müəyyən edilmiş müavinətlərin növlərindən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinətdir.

Müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müvafiq arayış (Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilir) təqdim edildikdə təyin edilir.

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, müavinət minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik verilir. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Deməli, sözügedən müavinətin məbləği hazırda 1380 manatdır

Müavinət üçün müraciət qaydası və tələb edilən sənədlər Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə müəyyən edilmişdir.

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Müavinət üçün müraciət edən şəxslər müavinət hüququ yarandıqda aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsi
  • Cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı
  • Məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir.

Mövzu ilə əlaqədar sualınız olarsa, “Instagram” və ya “Facebook” səhifəmizdən bizə yaza

bilərsiniz.

Müəllif: Zakir Bayramov