Anar və İlkin Bakıda yerləşən mağazalardan birində oğurluq etməyi planlaşdırırlar və bunun üçün bəzi hazırlıq işləri görürlər. Lakin Polis onların bu əməlindən xəbərdar olur və onları həbs edir. Bu halda Anar və İlkinin məsuliyyəti yaranacaqmı? Bu yazıda cinayətə hazırlığa görə cinayət məsuliyyətinin əsaslarından bəhs olunacaqdır.
Cinayət Məcəlləsinin (CM) 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. 27.2-ci maddədə isə qeyd olunur ki, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur.
Başa çatmayan cinayətlərə görə məsuliyyət necə müəyyən olunur?
CM-in 27.3-cü maddəsinə göstərilir ki, başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti CM-in 28 və 29-cu maddələrinə istinad olunmaqla CM-in başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.
CM-in 28-ci maddəsi cinayətə hazırlıqdan, 29-cu maddəsi isə cinayətə cəhddən bəhs edir.
28.1-ci maddəyə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Həmin maddənin ikinci bəndinə görə yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur.
Cinayət etməyə cəhd isə şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmayan, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) hesab olunur.
Göründüyü kimi, cinayətə hazırlığa görə məsuliyyət həmin cinayətin təsnifatından asılıdır. Yuxarıda göstərdiyimiz nümunədə əgər dostların planlaşdırdığı oğurluq vurulmuş ziyanın məbləğinə görə ağır və ya xüsusilə ağır cinayət hesab olunacaqdısa, onlar məsuliyyətə cəlb olunmalıdır.
Bəs başa çatmayan cinayətlərə görə cəza necə müəyyən edilir?
CM-in 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz.
Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Səxavət Yusifov