İnzibati Xətalar Məcəlləsinin (İXM) 523.1-ci maddəsinə əsasən avaralıqla məşğul olmağa görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Bəs avaralıq dedikdə nə başa düşülür?
Göstərilən maddənin qeyd hissəsinə əsasən “avaralıqla məşğul olan” dedikdə müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxsləri istisna edərək yuxarıdakı kateqoriyaya aid etməyib.
Göründüyü kimi, İXM-ə əsasən mütəmadi olaraq dilənçilik ilə dolanmaq avaralıqla məşğul olmaq hesab olunur. Yuxarıda göstərilən inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb ola bilir.
Əgər yetkinlik yaşına çatmayan şəxs yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilirsə, məsələn, diləndirilirsə, cəlb edən şəxs 50 manatdan 90 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən 15 günədək müddətə inzibati həbs tətbiq edilir.
Əgər yektinlik yaşına çatmamış şəxslərin yetkinlik yaşına çatmış şəxslər tərəfindən diləndirilməsinə şahid olsanız, bu barədə polisə şikayət edə bilərsiniz.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Səxavət Yusifov