Elektron ticarət və məsuliyyət

Burada məsuliyyət dedikdə üç növ məsuliyyət:  inzibati, cinayət və mülki məsuliyyət nəzərdə tutulur. Gəlin hansı halda hansı növ məsuliyyətin yarandığına  baxaq.

Əgər satıcı  alıcının etibarından sui-istifadə edərək dələduzluq əməli törədirsə, yəni əvvəlcədən malı alıcıya göndərməməyi və onun pulunu mənimsəməyi planlayırsa, vurulan ziyanın miqdarından asılı olaraq,  o,  inzibati və ya cinayət məsuliyyəti  daşıyacaqdır. Bu zaman hüququ pozulan şəxs polisə müraciət edərək şikayət etməlidir. Daha yaxşı başa düşmək üçün aşağıdakı misallara baxaq.

Anar insanları aldadaraq pullarını əldə etmək üçün instagramda “Ucuz paltarlar” adlı səhifə açır. O, həmin səhifədə internetdən götürdüyü paltar şəkillərini satışda olan mallar kimi paylaşaraq insanların pullarını almaq və onları aldatmaq istəyir. Anarın “qurbanlarından” biri  də İlkin  olur.  İlkin  “ucuz paltarlar” səhifəsinə yazaraq 2 ədəd köynək  sifariş edir və Anarın bank hesabına 50 manat ödəyir. Anar İlkinə həmin mallar 3 gün ərzində göstərilən ünvana çatdırılacağını bildirsə də, həmin malları heç vaxt göndərməməyi planlayırdı.

İlkinə vurulan zərər 50 manat olduğu üçün  Anarın inzibati məsuliyyəti yaranacaqdır. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Anara yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya üç ayadək müddətə inzibati həbs verilə bilər.

Əgər vurulan zərər 500 manatdan yuxarı olsa idi, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaranacaqdı.

İlkin ona vurulmuş zərəri geri almaq üçün polisə müraciət etməlidir.

Əgər mal satıcının təqsiri ucbatından mülki dövriyyədə baş verən proseslərlə bağlı vaxtında göndərilməzsə, satıcının mülki məsuliyyəti yaranacaqdır. Bu halda alıcı mülki qaydada məhkəməyə müraciət edərək ödədiyi pulu geri tələb edə bilər. Bu hala uyğun olaraq aşağıdakı misalı göstərə bilərik.

Elvin instagramdan nişanlısı üçün geyim sifariş verir. Lakin mağazada həmin geyim satılıb qurtardığı üçün Elvinin sifarişi çatdırıla bilmir. Elvin ödədiyi pulu geri almaq üçün həmin səhifəyə dəfələrlə yazsa da, ona cavab vermirlər. Bu halda Elvin ödədiyi pulun geri qaytarılması üçün məhkəməyə müraciət etməlidir.

Müəllif: Səxavət Yusifov