Vergi Məcəlləsi ilə fiziki şəxslərin əmək haqqından tutulan vergilərə bir sıra azadolmalar və güzəştlər nəzərdə tutulmuşdur. Əvvəllər güzəştlər güzəşt əldə edən şəxs bu güzəşti əldə etməyə əsas verən təsdiqedici sənədləri təqdim etdikdən yaranırdı. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, güzəşt sənədlərin təqdim edildiyi vaxtdan deyil, əmək müqaviləsi qüvvəyə mindiyi vaxtdan hesablanır.

Tutaq ki,  Əli məcburi köşkündür. 1 iyun 2022-ci ildən işləməyə başlayır. Lakin həmin işçi məcburi köçkün olduğunu təsdiq edən sənədi işlədiyi yerə 15 sentyabr 2022-ci ildə təqdim edir. O zaman iyun, iyul, avqust, sentyabr ayları üçün işçiyə 200 manatından tutulan verigilər geri qaytarılacaq.

Tutaq ki, Əli müharibə verteranıdır. 1 iyun 2022-ci ildən işləməyə başlayır. Lakin həmin işçi müharibə veteranı olduğunu təsdiq edən sənədi işlədiyi yerə 15 sentyabr 2022-ci ildə təqdim edir. O zaman iyun, iyul, avqust, sentyabr ayları üçün işçiyə 400 manatından tutulan verigilər geri qaytarılacaq.

Yuxarıda sözü gedən dəyişiklik 1 yanvar 2022-ci ildən sonrakı dövr üçün tətbiq edilir. Məsələn, Əli 2017-ci ildə əmək müqaviləsi bağlayıb. Sənədləri isə 15 sentyabr 2022-c il tarixdə təqdim edib. Bu halda güzəştlər 1 yanvar 2022-ci il tarixindən etibarən hesablanacaq.

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
  • Azərbaycanın Milli Qəhrəmanlarının;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
  • müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
  • 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar; 
  • Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər; 
  • məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. 

Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.

Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.

Aşağıdakılar himayədə olanlara aid edilmirlər:
  • təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa);
  • dövlət təminatında olan şəxslər (uşaq və körpə evlərində tərbiyə alanlar);
  • xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.

Fiziki şəxslərin yuxarıda göstərilən hər üç hala görə güzəşt hüququ varsa, bu halda ən yüksək güzəşt verilir.

Müəllif: Zakir Bayramov