“Sosial müavinətlər haqqında” Qanuna əsasən müavinət növlərindən biri də Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinətdir.

Müavinət almaq hüququ olan şəxslər aşağıdakılardır:
  • Azərbaycan Respublikasının vətəndaşları;
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər.

Müavinət hansı halda təyin olunur?

  • Şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə
  • Hər il müalicə üçün müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.

Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır.

Müavinətin məbləği 237 manatdır.

Müraciət etmə qaydası

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə müraciət edə bilər.

Tələb olunan sənədlərin siyahısı

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

  • Şəxsiyyət vəsiqəsi
  • Şəxsin radiasiya (Çernobıl AES) qəzasının ləğvində iştirak etməsini və həmin qəzadan zərər çəkməsini təsdiq edən əlillik haqqında tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış
  • Uşağın doğum haqqında şəhadətnaməsi
  • Çernobıl AES qəzası iştirakçılarının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının tibbi-sosial ekspert komisiyyasının müayinə aktından çıxarış
  • Çernobıl AES qəzasının ləğvində iştirak etmiş şəxslərin qəzadan sonra doğulmuş uşaqlarının sağlamlıq imkanlarının məhdudluğunun qəza ilə əlaqədar olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi

Müavinət üçün olan müraciətə baxılması müddəti

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Müavinətin keçmiş dövr üçün ödənilməsi

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Müəllif: Zakir Bayramov