Mülki dövriyyədə olan bəzi əşyalar var ki, istər təhlükəsizlik, istərsə də digər məqsədlər baxımından onların dövriyyəsi məhdudlaşdırılıb. Yəni həmin əşyaları almaq üçün müvafiq qurumlardan icazə tələb olunur.

Bəs hansı əşyalar üçün belə icazə tələbi var?

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi QAYDALARI”na əsasən aşağıdakı əşyaların mülki dövriyyəsi məhdudlaşdırılmışdır:

  1. Hərbi silah və sursat istehsal etmək üçün avadanlıq;
  2. Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq;
  3. Xidməti və mülki silah;
  4.  Kosmik-peyk rabitə vasitələri, Xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq;  
  5. Neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri;
  6.  Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların hasilatı və emalı vasitələri;
  7. İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar;
  8. Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq;
  9. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq;
  10.  Partlayıcı maddələr və qurğular, tezalışan maddələr və pirotexniki məmulatlar;
  11. Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar;
  12. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq;
  13. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr;
  14. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular;
  15. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər;
  16. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları;
  17. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları; 
  18. Məsafədən idarə edilən pilotsuz uçan aparatlar;
  19. İnsan orqanı və (və ya) toxumaları (alqı-satqısı istisna olmaqla).

Bu əşyaları əldə etmək istəyən şəxs müvafiq orqandan icazə aldıqdan sonra alqı-satqı və ya digər hərəkətləri yerinə yetirə bilər. İcazə alınmalı qurumların siyahısı ilə yuxarıda adını çəkdiyimiz Qaydalar vasitəsilə tanış ola bilərsiniz.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Səxavət Yusifov