Hər bir valideynin övladları üzərində hüquq və vəzifələri bərabər və eynidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin birbaşa himayəsindədirlər. Valideyn uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər, həmçinin uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar və öz hüquqlarından məhrum belə oluna bilirlər.

Bəs qanunvericiliklə tənzimlənən bu hallar hansılardır?

 Valideynlik hüquqlarından məhrumedilmə Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin 64-cü maddəsində tam və aydın şəkildə valideynə verilən hüququların  hansı  hallarda ləğv olacağı göstərilir. Bunlar aşağıdakılardır:

  • öz vəzifələrini yerinə yetirmədikdə;
  • alimenti qəsdən ödəmədikdə;
  • heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən, reabilitasiya müəssisələrindən götürməkdən imtina etdikdə;
  • öz hüquqlarından sui-istifadə etdikdə;
  • uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
  • xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
  • uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə

Məsələn, valideynlərdən biri uzun müddətdir ki, narkomaniya və alkoqolizmdən əziyyət çəkir, spirtli içki içib və narkotik vasitələr qəbul edərək övladına əl qaldırır. Belə olan halda şəxs valideynlik hüququndan məhrum edilə bilər.

Başqa bir halda ata və ana boşandıqdan sonra alimenti qəsdən ödəmirsə o, valideynlik hüququndan məhrum oluna bilər.

Qeyd etmək lazımdır ki, valideynlik hüquqlarından məhrum edilmə halı şəxsi aliment ödəməkdən heç bir halda azad etmir. Yəni şəxs bu hüququndan məhrum edilsə belə, aliment ödəməyə davam etməlidir.

Belə ki, valideynlik hüququndan məhrum edilən valideyn öz uşağını böyütmək hüququnu da  itirir, onun gələcək həyatı, məişət qayğıları  ilə bağlı olan problemlərlə maraqlanmaq hüququ olmur.

Valideynlik hüququndan məhrumetmə hansı orqan tərəfındən həyata keçirilir?

Valideynlik hüquqularının məhrumedilməsi prosesi məhkəmələr tərəfindən həyata keçirilir. Məhkəmə bu işlərə valideynin hər hansı birinin ərizəsinə görə (bu onun etibarnamə üzrə nümayəndəsi və ya vəkili də ola bilər) və yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiə edən orqanın və ya müəssisənin ərizələrinə əsasən onların iştirakları ilə baxır. Əgər, məhkəmə valideynlərdən birinin hərəkətlərində cinayət əməli oduğunu təsbit edərsə, bu barədə dərhal prokurora məlumat verilməlidir. Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra ən geci 3 gün ərzində bu qətnamədən çıxarışı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına  göndərməlidir. Əgər hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq müvafiq olaraq, yuxarıda qeyd etdiyimiz yerə yəni, Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının  himayəsinə verilir.

Valideynlik hüquqlarından məhrumetmənin nəticələri nədir?

  • Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) qohumluq faktlarına əsasən, uşaqlar üçün ayrılmış dövlət müavinətini almaq, uşaqdan təminat almaq kimi bütün hüquqlarını itirirlər.
  • Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir. Uşaqlar valideynlərin (hər hansı birinin) mənzildə xüsusi mülkiyyət hüququna- yəni mənzilə sahib olma, istifadə  hüququna, o cümlədən vərəsəlik hüququna malikdir. Yəni uşaq valideynlik hüququndan məhrum olunmuş ata və ya anasının əmlakının varisi olur.
  • Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşağa onları əvəz edən şəxs – qəyyum və ya himayəçi təyin oluna və ya qəyyumluq və himayə orqanına verilə bilər.

Bəs bu valideynlərin övladları övladlığa götürülə bilərmi? Bu halda proses necədir?

Məhrumetmədən 6 ay keçdikdən sonra bu  mümkündür. Məsələn uşağın atası öz valideynlik vəzifələrini yerinə yetirmədiyi üçün məhkəmə onu valideynlik hüququndan məhrum edir. Daha sonra uşağın anası yenidən ailə qurur. Belə olan halda ananın yeni əri uşağı övladlığa götürə bilər.

Övladlarının gələcəyi üçün valideynlər əllərində olan ən yaxşı imkanlardan istifadə etməlidir ki, bu cür məhdudiyyətlərin qoyulmasına ehtiyac qalmasın.

Müəllif: Cazid Əlizadə