“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı bu hüququndan malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində istifadə edə bilər. Unutmamaq lazımdır ki, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Lakin bu qayda bütün mallar üçün keçərli deyildir.

“Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” Nazirlər Kabinetinin qərarında dəyişdirilməyən malların siyahısı müəyyən olunub. Həmin siyahıya əsasən aşağıdakı mallar dəyişdirilmir:

  1. Qızıl və qızıl məmulatları;
  2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar;
  3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr);
  4. Parfümer-kosmetika malları;
  5. Kişi, qadın və uşaq çimərlik paltarları;
  6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
  7. Məişət-kimyası malları;
  8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
  9. Uşaq oyuncaqları;
  10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları;
  11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar;
  12. 12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Lakin nəzərə alınmalıdır ki, bu qayda lazımi keyfiyyətli mallara aiddir. Əgər istehlakçı aldığı malda hər hansı bir qüsur aşkar edirsə, bu halda o, aşağıdakıları tələb etmək hüququna malikdir:

  • lazımi keyfiyyətli mala dəyişdirməyi;
  • satış qiymətini uyğun məbləğdə azaltmağı;
  • malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
  • malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
  • müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz. 

                      Müəllif: Səxavət Yusifov