Son illər ərzində, xüsusilə də 2-ci Qarabağ müharibəsindən sonra hərbi qulluqçular və müddətli hərbi xidmətə çağırılan çağırışçılarla bağlı tez-tez suallara rast gəlirik. Bunlardan biri də hərbi xidmətə yollanan işçinin hərbi xidmətdə olarkən iş yerinin vəzifəsinin saxlanılması qaydasıdır.

Bəs hərbi xidmətə yollanan işçinin iş yeri saxlanılırmı?

Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işçi hərbi xidmətdə olduğu müddət ərzində fəaliyyət göstərdiyi iş yeri və vəzifəsi saxlanılır. Lakin işçi hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdir. Əgər işçi 60 gün müddətini ötürərsə, onun əmək müqaviləsinə xitam verilir və əvvəlki vəzifəsinə qayıda bilmir.  Onu da qeyd edək ki, müəssisənin ləğv olunması halında bu, istisna təşkil edir.

Hərbi xidmətə yollanan işçiyə verilən müavinət

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçi həqiqi hərbi xidmətə yollandıqda ona orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödənməlidir. Məsələn işçinin  orta aylıq əməkhaqqı 500 manatdırsa, ona 1000 manat müavinət ödənməlidir.

Bəs hərbi xidmətə yollanan işçinin yerinə götürülən digər işçinin aqibəti necə olur?

Hər hansı bir müəssisədə çalışan işçi həqiqi hərbi xidmətə yollandıqda, həmin işçinin yerinə müəssisə peşə və ixisas dərəcəsinə uyğun olan başqa bir işçi qəbul oluna bilər. Lakin, hərbi xidmətə yollanan işçi təxris olunduqdan sonra əvvəlki iş yerinə qayıdarsa, hərbi xidmətdə olan işçinin yerində çalışan digər işçinin əmək müqaviləsinə xitam verilir.

Hərbi xidmətə yollanan işçiyə ödənilən müavinət gəlir vergisindən azaddırmı?

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinin tələbinə görə, işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin bütün məbləği gəlir vergisindən azaddır. Ümumiyyətlə, hər bir çalışan və gəlir əldə edən şəxs dövlətə əldə etdiyi gəlirdən müəyyən qədər dövlətə vergi ödəyir, amma bu maddədə işçi hərbi və ya alternativ xidmətə çağırılarsa, bu halda şəxs Vergi Məcəlləsinə əsasən gəlir vergisindən azaddır.

Hərbi xidmətin sığorta stajına daxil edilməsi

“Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, hərbi xidmət müddətləri sığorta stajına daxil edilir. Həmçinin bu maddədə göstərilir ki, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992- ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığorta stajına daxil edilən iş fəaliyyətidir.

Buraya həmçinin aiddir 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövründə olmuş şəxslər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Müdafiə Nazirliyi və ona tabe olan hərbi hissələr və digər orqanlarda ( Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi) olan xidmət müddəti sığorta stajına daxil edilir.

Müəllif: Cazid Əlizadə

RSS Error: WP HTTP Error: Keçərli bir ünvan əldə edilmədi.
RSS Error: WP HTTP Error: Keçərli bir ünvan əldə edilmədi.
RSS Error: WP HTTP Error: Keçərli bir ünvan əldə edilmədi.