Müxtəlif vaxtlarda küçə və ya ev heyvanlarına insanların şiddət göstərdiyinin şahidi oluruq. Bəs heyvanlara qarşı şiddətin hansısa bir cəzası vardırmı? Bu yazıda bu məsələ araşdırılacaqdır.
İnzibati Xətalar Məcəlləsinin (İXM) 274-cü maddəsi ilə heyvanlarla rəhmsiz davranmaq qadağan edilib. Rəhmsiz davranmaq dedikdə heyvanlara qarşı şiddət göstərərək onların şikəst və ya tələf edilməsi başa düşülür.
Yuxarıda qeyd edilən maddəyə əsasən bu əməli törədən şəxs 500 manat məbləğində cərimə edilir.
Azərbaycan Respublikasının da üzvü olduğu “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına əsasən heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz. Həmçinin heyvanı damazlıq üçün götürən hər bir kəs onun balasının və dişi heyvanın sağlamlığına zərər vura bilən anatomik, fizioloji və davranış xüsusiyyətlərinin düzgün nəzərə alınması üçün məsuliyyət daşıyır.
Konvensiyanın 7-ci maddəsinə əsasən heç bir ev heyvanı onun sağlamlığına və rifahına zərər vura biləcək üsullarla təlim edilməməlidir, xüsusən, əgər bu təlimlər heyvana ağrı verən, onun təbii imkanlarından və gücündən artığına məcbur edilməklə, lüzumsuz ağrı, zərər və əzab verən vasitələrdən istifadə edilərək aparılırsa.
Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.
Müəllif: Səxavət Yusifov