Yerli və beynəlxlaq məhkəmələrin, habelə inzibati xətalara dair müvafiq dövlət orqanlarının qərarlarının məcburi icrası icra orqanları tərəfindən həyata keçirilir. İcra orqanlarında bu vəzifəni icra məmurları yerinə yetirirlər.

Məsələn, alimentin ödənməsindən yayınma hallarında icra məmurları məhkəmə qətnaməsinin icra edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif tədbirləri görə bilirlər.

Lakin bəzi hallarda icra məmuru öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmir. Bu həm hərəkət, həm də hərəkətsizliklə müşayiət oluna bilir. Bu halda tələbkar və ya borclunun icra məmurunun hərəkətlərindən (hərəkətsizlik) şikayətetmə hüququ yaranır.

Bəs belə şikayət hansı qaydada edilməlidir?

İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

Həmçinin icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə də şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayətvermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.

Yuxarıda göstərilən ümumi qaydadan başqa icra məmurunun icra sənədi üzrə icraata xitam verməsi ilə bağlı şikayətlərin xüsusi qaydası müəyyən olunub.

Belə ki, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə, icra sənədi digər orqanlar tərəfindən verildikdə isə icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət edə bilərlər.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

 Müəllif: Səxavət Yusifov