Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhz bütün bunları təmin etmək üçün istifadə olunan vasitələrə iddia ərizəsi də aid edilir.

Bəs iddia ərizəsi hansı məlumatları özündə əks etdirir?

İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. İddia ərizəsi, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

İddia ərizəsində əvvəlcə iddia ərizəsinin verildiyi məhkəmənin adı qeyd edilməlidir (Məsələn, Daşkəsən Rayon Məhkəməsinə). İddia ərizəsi cavabdehin yaşadığı yer üzrə, cavabdeh hüquqi şəxsdirsə, hüquqi şəxsin ünvanına görə verilir. Bu qaydayda riayət edilməməsi iddia ərizəsinin geri qaytarılması əsaslarındandır. Həmçinin, iddia ərizəsinin Mülki Prosessual Məcəllədə göstərilən qaydalara riayət edilməklə hazırlanmaması onun geri qaytarılması üçün əsasdır.

Daha sonra iddiaçının adı, soyadı, atasının adı, ünvanı qeyd edilməlidir (əlaqə nömrəsini qeyd etməyi yaxşı olar). Ardınca cavabdehin (cavabdehlərin) adı, soyadı, atasının adı qeyd edilməlidir. Bu məlumatları qeyd etdikdən sonra, “İDDİA ƏRİZƏSİ” yazılır.

Yeni abzasdan işin hallarını ətraflı qeyd edib, iddianızı əsaslandırırsınız. İddia ərizəsinin son hissəsində “Xahiş edirəm” yazaraq, məhkəmədən tələbinizi qeyd edirsiniz. Yəni, yekunda istədiyiniz qərar nədirsə, onu yazırsınız. Məsələn, cavabdeh Əliyev Əli Əli oğlundan uşağın saxlanması üçün 300 manat məbləğində sabit miqdarda alimentin tutulması barədə qətnamə çıxarasınız.

Bundan sonra “qoşma” yazaraq iddia ərizəsinə əlavə edilməli sənədləri qeyd edirsiniz. İddia ərizəsinin sonunda iddiaçının və ya imzalamağa səlahiyyəti olan şəxsin imzası və tarix qeyd edilməlidir.

İddia ərizəsinə iddia üçün dövlət rüsumu nəzərdə tutulursa, sənədlər arasında dövlət rüsumunun ödənilməsi barədə sənədi mütləq iddia ərizəsinə tikməlisiniz.

Yeni dəyişikliklərə əsasən Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd də iddia ərizəsində göstərilməlidir.

Mülki Prosessual Məcəlləyə əsasən, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir.

İddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

Əgər iddia ərizəsi hazırlamaq istəyirsinizsə, saytımızdakı nümunələrdən istifadə edə bilərsiniz. Hər hansı çətinliyiniz olarsa, səhifəmizdən bizə yaza bilərsiniz.

Müəllif: Zakir Bayramov