İnformasiya sorğusu nə olması, informasiya sorğusunun kimə, hansı qaydada göndərilməli olduğu kimi suallara bu yazıda aydınlıq gətirməyə çalışacağıq.

Əvvəla qeyd edək ki, informasiya sorğusunun göndərilmə qaydası “İnformasiya əldə etmək” haqqında Qanunla müəyyən edilmişdir.

Ümumiyyətlə, informasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları həmin qanunla müəyyən edilir.

Kimlər “informasiya sahibləri” adlandırılır?

Həmin qanuna əsasən informasiya sahibləri,

–  dövlət orqanları və bələdiyyələr;

ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər hesab edilirlər.

İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur.

İnformasiya sorğusu nədir? Hansı formaları var?

İnformasiya əldə etmək üçün sorğu ilə müraciət etmək lazımdır. İnformasiya sorğusunu həm yazılı, həm də şifahi şəkildə təqdim etmək olar.

İnformasiya sorğusu verən (sorğuçu) həm informasiya sahibinin vəzifəli şəxsinə həm bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi qaydada müraciət edə bilər, həm də sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı şəkildə edə bilər.

Yazılı informasiya sorğusunda aşağıdakılar qeyd edilməlidir:

  1. Sorğuçunun adı və soyadı;
  2. Sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı;
  3. İnformasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);
  4. Sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;
  5. İnformasiyanın təqdim edilmə forması.

İnformasiya əldə etmək üçün yazılı şəkildə sorğu ilə müraciət edən vətəndaş sorğusuda aşağıdakılardan birini tələb edə bilər:

sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma;

  1. Sənədin üzünün köçürülməsi;
  2. İnformasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;
  3. Sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması;
  4. Sənədin tərcümə olunması;
  5. Sənədin surətinin elektron daşıyıcılara köçürülməsi.

İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır.

İnformasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

  1. Sorğunun icrasından imtina edir;
  2. Sorğunun icrasını təmin edir;
  3. Sorğunu aidiyyəti informasiya sahibinə göndərir.

İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda isə axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

İctimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur. İctimai informasiya dedikdə, qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər nəzərdə tutulur.

İnformasiya ilə tanış olduqda, əllə üzünü köçürdükdə və ya öz texniki imkanlarından istifadə edərək surətini çıxardıqda, habelə texniki kömək göstərilməyən digər hallarda informasiyanın əldə olunmasına görə sorğuçu haqq ödəmir.

Sorğucu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) şikayət etmək hüququna malikdir. 

Müəllif: Zakir Bayramov

Kateqoriya: