Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə işçi və işəgötürən əmək münasibətləri prosesində birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları Əmək Məcəlləsinin 195-197-ci, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları isə 198-206-cı maddələrlə tənzim olunur.

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır:

1. Əmək müqaviləsinə qanunsuz xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;

ƏM-in 70-ci maddəsində təsbit olunan əsasların hər-hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi işəgötürən tərəfindən əsaslandırılmalıdır. O cümlədən, ƏM ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına riayət etməlidir. Bu vəzifələrin pozulması nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda işəgötürən işçiyə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.

2. Əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi ilə müəyyən edildikdə;

Məhkəmə əmək mübahisəsini həll edərkən işin faktiki hallarını araşdıraraq işçi haqlı hesab etdiyi hallarda məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Qətnamədə təkcə məcburi işburaxma ilə əlaqədar itirilmiş əmək haqqı deyil, həmçinin işçiyə dəyən maddi və mənəvi ziyanın məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin ödənilməsi də müəyyən edilə bilər. Məcburi işburaxma müddəti işçinin işdən çıxarıldığı gündən başlayır və işçinin əvvəlki işinə öz ixtisası (vəzifəsi) üzrə, bərpa edildiyi və ya onun razılığı ilə yeni daimi iş təqdim edildiyi gündədək davam edir. Məcburi işburaxma qanunsuz başqa işə keçirmə zamanı da mövcud ola bilər.

3. İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə;

Qanunvericilikdə təsbit olunub ki, əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərməlidir. Bu halda, işəgötürən tərəfindən göstərilən öhdəliyin pozulması nəticəsində dəymiş ziyanın ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.

4. Əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə;

5. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə;

6. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə;

7. Əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda;

8. Əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə;

9. İşçi seksual qısnamaya məruz qaldıqda. 

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Ayxan İsgəndərov