Əmək Məcəlləsinə əsasən işçilərə bəzi hallarda fasilələr verilir və ya iş dayandırılır.
İşçilərə aşağıdakı hallarda qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır:
- İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada
- Habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda
- Açıq havada aşağı temperatur və şiddətli külək şəraitində, eləcə də ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyən işçilərə qızınmaq üçün fasilələr verilir.
- Hədsiz soyuq olan hallarda isə müəyyən müddətə iş dayandırılır. Belə hallarda fasilələrin verilməsi qaydası müəssisə-daxili intizam qaydalarına müvafiq olaraq müəyyənləşdirilir.
Əmək Məcəlləsinə əsasən işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara qanunvericilikdə müəyyən olunmuş qaydada fasilələr verilir və ya iş dayandırılır.
Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.
Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.
İlin soyuq vaxtlarında işləmək, işçinin orqanizminə ciddi zərər vurarsa, o, işdən imtina edə və işəgötürəndən onu başqa işə keçirməyi tələb edə bilər. İşəgötürənin buna imkanı olmadıqda, qızdırılmayan qapalı binalarda işçinin işləməsi üçün minimum iş şəraiti yarada bilmədikdə, işi müvəqqəti dayandıra bilər. İşəgötürən belə vəziyyətdə məcburən işçiləri işlədə bilməz.
Qeyd edilənlərlə yanaşı işəgötürən qızınmaq və ya sərinləmək üçün işçilərə xüsusi təchiz edilmiş yer verməyə borcludur. İlin soyuq vaxtlarında açıq havada və ya isidilməyən binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi məcburidir.
Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
Müəllif: Zakir Bayramov