Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə işçi və işəgötürən əmək münasibətləri prosesində birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar.  İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları Əmək Məcəlləsinin 195-197-ci, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları isə 198-206-cı maddələr ilə tənzim olunur.

Qanunvericilikdə işçinin işəgötürənə vurduğu zərərə görə məsuliyyəti 2 formada nəzərdə tutulub.

Bir aylıq orta əmək haqqı miqdarında

İşçi və işəgötürən arasında tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilə olmadığı və Əmək Məcəlləsinin 199 (işçinin tam maddi məsuliyyəti)  və 200-cü (tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması) maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək məsuliyyət daşıyır. Məsələn, işçi diqqətsizlik səbəbi ilə 1200 manat məbləğində maddi zərər vurmuşdur və onun orta aylıq əmək haqqı 850 manatdır. Bu halda işçinin maddi məsuliyyəti 850 manatla məhdudlaşır, yəni yerdə qalan 350 manat silinir.

Tam maddi məsuliyyət miqdarında

Aşağıda qeyd edilən hallarda isə işçi qanunazidd hərəkətləri ilə vurulan ziyana görə tam maddi məsuliyyət, yəni vurulan zərərin tam məbləği həcmində məsuliyyət daşıyır:

  1. saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
  2. işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;
  3. inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; 
  4. əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda;
  5. alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda;
  6. işəgötürənin kommersiya sirrini yaydıqda;
  7. işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız sadalananlardan 3, 4 və 5-də göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.

Qeyd edilmiş maddədə işçinin tam maddi məsuliyyət daşıdığı hallar təsbit olunmuşdur. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsi vəzifəsi o halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan AR Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. 

Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

İstər əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın saxlanması, emalı, satışı, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

İşlərin yerinə yetirilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin məsuliyyət dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

Qeyd edilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində məsuliyyət daşıyır.

İşçi hansı hallarda vurulan ziyana görə məsuliyyət daşımır?

İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktiki ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər.

Ziyanın ödənilmə qaydaları:

1. Vurulan ziyanın məbləğinin işçi tərəfindən könüllü ödənilməsi qaydası

İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir. İşəgötürən vurulan ziyanı ödəmək üçün işçiyə möhlət verə bilər. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər.

2. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası 

İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Ayxan İsgəndərov