İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə və Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bu intizam tənbehlərindən birini verə bilər (AR Əmək Məcəlləsi, maddə 186.2):

  1. töhmət vermək;
  2. sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
  3. kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
  4. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (AR ƏM 70-ci maddənin ç bəndi) əmək müqaviləsini ləğv etmək.

İntizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir (AR ƏM, m. 187.1).

İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz (AR ƏM m. 187.2 və 187.3). 

Bəs intizam tənbehi hansı şərtlər daxilində verilməlidir?

İntizam tənbehinin verilməsi şərtləri aşağıdakılardır (AR ƏM, m. 189):

  1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 
  2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 
  3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 
  4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.

İntizam tənbehi hansı hallarda qüvvədən düşür?

İntizam tənbehi 3 halda qüvvədən düşə bilər:

  1. İntizam tənbehinin qüvvədə olması müddətinin başa çatması halı (AR ƏM, m. 190.1). İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Bu müddət bitdikdən sonra intizam tənbehi qüvvədən düşür.
  1. İntizam tənbehinin işəgötürənin əmri ilə vaxtından əvvəl ləğv edilməsi halı (AR ƏM, m. 190.2). İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə, yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa, işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
  1. İşəgötürənin işçiyə intizam tənbehi tətbiq etdikdən sonra, onu mükafatlandırması halı (AR ƏM, m. 190.4). İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi Əmək Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Burada mükafat deyildikdə AR Əmək Məcəlləsinin 185-ci maddəsində qeyd edilən mükafatlardan biri nəzərdə tutulur (pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırılma).

Qeyd edək ki, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər (AR ƏM, m. 190.3)

Bu mövzuda hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz.

Müəllif: Ayxan İsgəndərov