İşdən azad edilmə ərizəsi işçinin könüllü yazdığı ərizədir. Yəni, işəgötürən işçini işdən çıxarılma barədə ərizə yazmağa məcbur edə bilməz. İşdən azad edilmə barədə ərizə əmək müqaviləsinə xitam verilmə əsaslarından biridir lakin, nəticələrinə görə digər əsaslardan fərqlənir. Belə ki, işçi işdən çıxarılma barədə ərizə verdikdə, qanunvericiliklə nəzərdə tutulmuş bəzi hüquqlarından məhrum olur. Kompensasiya ala bilmir.

Əmək Məcəlləsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

Tutaq ki, müdiriniz sizdən işdən çıxarılma ərizəsi yazmağınızı istəyir. Belə bir tələb əmək hüquqlarınızın pozuntusudur. İşəgötürən sizi əsassız olaraq işdən çıxarsa, məhkəmədə iddia qaldırıb hüquqlarınızın bərpa olunmasını məhkəmə qaydasında tələb edə bilərsiniz.

Əgər sizdən işdən çıxarılma ərizəsi tələb edilirsə Əmək Müffətişliyinə şikayət edə bilərsiniz.

Əmək müqaviləsinə necə xitam verilə bilər?

Əmək Məcəlləsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

  • tərəflərdən birinin təşəbbüsü;
  • əmək müqaviləsinin müddətinin qurtarması;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin);
  • tərəflərin iradəsindən asılı olmayan hallar;
  • tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Əmək Məcəlləsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək yuxarıda göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

Müəllif: Zakir Bayramov