“Məşğulluq haqqında” Qanun ilə işsiz kimi qeydiyyata düşmək qaydası müəyyən edilmişdir.

15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi “E-sosial” portalının mövcud autentifikasiya vasitələrindən (elektron imza, FİN kod) istifadə etməklə “Məşğulluq” altsistemində (MAS) yerləşdirilmiş “Müraciət-Ərizə”ni dolduraraq təsdiq edir.

Sayta daxil olan zaman yuxarı sağ küncdə qeydiyyatdan keçdiksən sonra şəxsi kabinetinizə daxil ola bilərsiniz.

Daha sonra hesabınıza giriş etdikdən sonra “e-xidmət” bölməsinə daxil olun.

“Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” bölməsinə daxil olduqdan sonra “iş üçün axtarış” pəncərəsini açın və sizdən tələb edilən məlumatları doldurun.

Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır. Bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və şəxsin mobil telefonuna məlumat göndərilir. 

İstədiyiniz vaxt “E-sosial” portalından şəxsi kabinetinizə daxil olaraq, yenilənmələrlə tanış ola bilərsiniz.

İşaxtaran və işsiz şəxslər fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindən real vaxt rejimində əldə etmək hüququna malikdirlər.

İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin

  1. ixtisası, 
  2. peşəsi, 
  3. sağlamlıq imkanlarının məhdudluğu, 
  4. yaşayış ünvanı üzrə məlumatlar (dəyişdiyi halda onlar elektron informasiya sistemində bu barədə məlumatları yeniləməlidirlər)

Aşağıdakı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır:

  • hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
  • barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
  • işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.

Aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:

  • məşğulluq mərkəzinin göndərişi əsasında münasib işlə təmin olunduqda;
  • vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
  • təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;
  • işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.

Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:

  •  “Məşğulluq haqqında” Qanuna əsasən məşğul şəxs hesab edildikdə;
  • “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda;
  • vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
  • təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;
  • işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə;
  • ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda.

Əgər hər hansı çətinliyiniz olarsa, “Instagram” və ya “Facebook” səhifəmizdən bizə yaza bilərsiniz.

Müəllif: Zakir Bayramov