Cinayət Məcəlləsinin 76-cı maddəsində məhkum edilmiş şəxslərin təyin olunmuş cəzalarının qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra, onların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilmələri nəzərdə tutulub.

Həmin maddədə qeyd edilir ki, məhkəmə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmənin mahiyyəti onunla bağlıdır ki, qanunda nəzərdə tutulan əsaslar olduqda məhkəmə məhkumu hökmdə göstərilən cəzanı çəkib qurtarmamış cəzadan azad edir. Bu halda, şəxs əsas cəzadan tamamilə və ya qismən həmçinin əlavə cəzadan da azad edilə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı aydın olarsa və cəzanın qanunla müəyyən edilən hissəsi çəkilərsə, məhkum barəsində tətbiq edilə bilər.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmək üçün məhkum cəzanın hansı hissəsini çəkməlidir?

Məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi üçün təyin edilən cəzanın aşağıdakı göstərilən hədlərinin çəkilməsi zəruri sayılır:

  1. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətə görə təyin edilən cəza müddətinin ən azı yarısını (1/2);
  2. Ağır cinayət törətməyə görə, təyin edilən cəza müddətinin ən azı üçdə iki hissəsini (2/3);
  3. Xüsusilə ağır cinayət törətməyə görə təyin edilən cəza müddətinin ən azı dörddə üç hissəsini (3/4);
  4. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin CM-in 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son 5 ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır.

Əgər cəza azadlıqdan məhrumetmə ilə bağlıdırsa, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün ona təyin edilən bu növ cəzanın ən azı 6 ayını çəkməsi tələb olunur (CM, mad. 76.4.).

Cəzadan azad edilmə

Şərti olaraq vaxtından əvvəl azad edilməni tətbiq edən məhkəmə şəxsin üzərinə qanunla müəyyən olunmuş vəzifələri, yəni belə şərti məhkumluq zamanı təyin edilən vəzifələr: məhkumun islah edilməsinə nəzarət edən orqanı xəbərdar etmədən daimi yaşayış yerini dəyişdirməmək, narkomaniya qarşı müalicə keçmək, ailəyə yardım göstərmək, habelə məhkəmənin rəyinə görə islah edilməsinə kömək edə biləcək digər vəzifələri qoya bilər. Şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin davranışına üzərinə qoyduğu vəzifələrin yerinə yetirməsinə nəzarət ixtisaslaşdırılmış dövlət orqanının bunun üçün ayırdığı müvəkkil tərəfindən, hərbi qulluqçular barəsində isə hərbi hissələrin və idarələrin komandanlığı tərəfindən həyata keçirilir. Cinayət qanunvericiliyinə əsasən, məhkəmə məhkumu əsas cəzadan da tamamilə yaxud qismən azad edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən məhkum cəzanın çəkilmə müddəti ərzində məhkəmənin onun üzərinə qoyduğu ona nəzarət edən orqana məlumat vermədən hər hansı bir vəzifəni yerinə yetirə bilməz. Həm də məhkum cəzanın çəkilmədiyi müddət ərzində yenidən cinayət törətməkdən çəkinməlidir.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında qərar hansı hallarda ləğv edilə bilər?

CM-in 76-cı maddə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərar aşağıdakı göstərilən hallarda ləğv edilə bilər:

 a) cəzadan şərti azad edilən şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulan vəzifələri yerinə yetirməkdən qəsdən boyun qaçırdıqda

b) şərti azad edilən məhkum ictimai qaydanı pozduğuna görə onun barəsində inzibati tənbeh tətbiq edildikdə

c) cəzadan şərti azad edilən məhkumun davranış üzərində nəzarəti həyata keçirən dövlət orqanı məhkəmə qarşısında məhkumun cəzadan şərti azad edilməsi haqqında qərarın ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunmağı yönəldilməsi barədə təklif verdikdə.

Müəllif: Ayxan İsgəndərov